Ağcabədidə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Ağcabədi şəhərində 25 fermer üçün seminar təşkil edilib.

İctimai Birlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı layihənin ideyasından, qarşıya qoyulan məqsəd və vəzifələrdən danışıb. Bildirib ki, dünyada daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün kimyəvi tərkibli gübrələrdən və bitkiləri zərərverici həşəratlardan qorumaq məqsədilə pestisidlərdən, eləcə də herbisitlərdən istifadə olunur. Bu da öz növbəsində insan sağlamlığına mənfi təsir göstərir. Nəticədə arzuolunmayan xəstəliklərin sayı çoxalır, bir çox hallarda xəstəliklər cavanlaşır. Belə bir şəraitdə ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür.

Diqqətə çatdırılıb ki, fermerlər məhsul istehsal edərkən sağlamlıq amilini nəzərə almalı, istehlakçılar üçün keyfiyyətli məhsulların yetişdirilməsinə önəm verməlidirlər. Bunun üçün də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ən aktual məsələlərdəndir.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Bildirib ki, kimyəvi tərkibli maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Muxtar Bağırov çıxışlarında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara təşviqat materialları, bukletlər paylanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com