Oktyabrın 31-də Prezident İlham Əliyev Soçi şəhərinə səfər edib. Səfər zamanı Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Dövlətimiz tərəfindən münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürülüb, bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Görüş zamanı II Qarabağ müharibəsindən də danışılıb. Qeyd olunub ki, münaqişə iki il bundan əvvəl həll edilib. Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Bu münasibətlərinin kompleks şəkildə normallaşdırılmasına , sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsinə hər tərəfli şərait yaradılır.
Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub.
Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsi və vəziyyətin sabitləşməsində mühüm rol oynayır. Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalı və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin, eləcə də, dini liderlər arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.