Keçən cümə axşamı Avroliqanın qrupunda növbəti matçına çıxan “Qarabağ” “Nant”a uduzmaqla mübarizəni məhz bu turnirdə davam etdirmək şansını çətinə saldı. Rəqib ilk qolu Şahruddin Məhəmmədəliyevin kobud səhvindən sonra vurdu. “Köhlən atlar”ın qolkiperinin kobud səhvləri sırasına biri də əlavə olundu. İndi yerli azarkeşləri əsas iki sual düşündürür. Onlardan biri “Qarabağ”ın niyə daha səviyyəli qapıçı almamasıdırsa, ikinci sual Azərbaycan milli komandasının “çərçivə”sinin nə qədər etibarlı əllərdə olmasıdır. Məsələ burasındadır ki, “Nant”la oyundakı səhv 28 yaşlı qolkiperin ilk belə kobud xətası deyildi. Yadınızdadırsa, cari avrokuboklarda mövsümə UEFA Çempionlar Liqasından başlayan Azərbaycan çempionu məhz Məhəmmədəliyevin Çexiya “Viktoriya”sı ilə oyunda etdiyi səhvdən sonra ən nüfuzlu klub turnirindən kənarda qalmışdı
Əslində, qolkiper problemi Azərbaycan futbolu üçün xarakterik deyil. SSRİ dövründə Sergey Kramarenko, Yuriy Romenski və Aleksandr Jidkovun, müstəqillik dönəmində isə Dmitri Kramarenko, Elxan Həsənov, Nizami Sadıqov, Hüseyn Məhəmmədov, Cahangir Həsənzadə, Rauf Mehdiyev və s. qapıçıların inamlı oyunu nəticəsində ölkə futbolu bu sarıdan çətinliklə üzləşməyib. Hazırda ölkənin əsas millisində qapıçılarla işləyən məşqçi kimi çalışan Kamran Ağayevin futbolçu kimi çıxış etdiyi dönəmdə də “çərçivə” yığma komandamızın problemli zonası sayılmırdı. Əslində, Şahruddin Məhəmmədəliyev də etibarlı qapıçı kimi tanınır, amma bununla belə, son vaxtlar kuryoz qollar buraxması göstərdi ki, yalnız ona güvənmək və yaxın gələcəyə əmin olmaq böyük yanlışdır. İstənilən halda, dağıstanlı qapıçıya layili əvəzedicilər lazımdır və “1 nömrə” adına yiyələnmək uğrunda rəqabətin futbolumuza və ilk növbədə millimizə yalnız faydası dəyə bilər.
Bu baxımdan “Neftçi”nin qapıçısı Aqil Məmmədovun yığmaya dönüşü gündəmə gələ bilər. Hansı ki, paytaxt klubunun əsas qapıçısını millinin heyətinə cəlb etməyən Canni De Byazi haqlı tənqidlərlə üz-üzədir. Flaqmanın əlcək sahibi milliyə cəlb olunsa, ən azı “Qarabağ”ın “çərçivə” qoruyucusu da indiyə qədərki əvəzləyiciləri ilə müqayisədə flaqmanın üzvünün daha təcrübəli və rəqabətə davamlı olduğunu anlayar. Düzdür, indiki halda, Şahruddin Məhəmmədəliyevin əsas qapıçı statusunu itirəcəyi inandırıcı deyil, amma hər halda, milli komanda da iki səviyyəli qapıçının olması onların özü üçün də motivasiya qaynağı olardı. Amma bir məsələ də var ki, 33 yaşını may ayında tamamlamış Aqil Məmmədovun karyerasının böyük hissəsi geridə qalıb. Bu isə o deməkdir ki, bir müddət sonra yığmada yenidən rəqabətsizlik mühiti hökm sürəcək. Amma insafən deməliyik ki, bu məsələdə nə Şahruddin Məhəmmədəliyevin, nə də millimizin çalışdırıcısı De Byazini günahlandırmağa dəyməz. Sözsüz ki, indiki halda, italiyalı çalışdırıcı uşaq futbol məktəblərindən qısa zaman kəsiyində səviyyəli qapıçı yetişdirməyi tələb edə bilməz. Deməli, De Byazi istər-istəməz əlinin altında olanlara güvənməlidir. İtaliyalı mütəxəssisin qapıçı seçimində nə dərəcədə düzgün addım atdığı isə başqa söhbətin mövzusudur. Amma istənilən halda, ümidlərimizi bağladığımız yerli qapıçıların perspektivini incələməyə dəyər.
Çox təəssüf ki, Məhəmmədəliyev layiqli davamçıları yetişmir. Çünki Azərbaycan premyer liqasında yarışan klublarımız getdikcə daha çox əcnəbi qapıçılara etibar edirlər. Bu məsələdə də legioner götürmək, yerli gəncləri yetişdirməkdən daha asan görünür. Nəticədə, gənc kiperlərimiz milli çempionatımızda oyun praktikası qazanmaq şansını itirir. Məsələn, “Neftçi” Xorvatiyadan İvan Brkiçi transfer etməkdənsə, Rza Cəfərovu yetişdirə bilərdi, “Qarabağ” Şahruddin Məhəmmədəliyevin əvəzləyicisi kimi Luka Quqeşaşviliyə yox, Amin Ramazanova bel bağlaya bilərdi. Eləcə də “Qəbələ” İspaniyadan Kristof Atanqana Assimbanı, “Sabah” Belarusdan Aleksandr Neçayevi, “Sumqayıt” Rusiyadan İlnur Vəliyevi ölkəmizə gətirməkdənsə, yerli qapıçılara şans verə bilərdi. Yeri gəlmişkən, “Zirə”nin də milliləşdirilmiş Mehdi Cənnətova güvənməsini qeyd edək. Düzdür, Cənnətov ölkəmizin vətəndaşlığını qəbul etdiyindən onun əsas heyətdə oynamasını milli komandanın mənafeyi naminə anlamaq olar. Amma bu nə qədər başadüşüləndirsə, rusiyalı qapıçının milliləşdirilməsi o qədər anlaşılmazdır. Ona görə anlaşılmazdır ki, Azərbaycana gəldikdən sonra “Sumqayıt” və “Zirə”də sərgilədiyi oyun onun sıradan qapıçı olduğunu göstərir. Əgər belə olmasa, ruslar heç bir vəclə parlak gələcək vəd edən Cənnətovdan əl çəkməzdi. Heç “çərçivə” qoruyucusunun özü də Azərbaycanda çıxış etməyi şimal qonşumuzda zirvələri fəth etmək perspektivindən üstün tutmazdı. Amma Cənnətov də səviyyəsinə bələddir və bu üzdən ölkəmizə üz tutub.
Hər halda Misli premyer liqasının geridə qalan 12 turundan sonra meydana çıxan yerli qapıçıların siyahısına baxanda da müşahidə olunan azlıq acı reallığı ortaya qoyur.
klub | Qapıçı | oyun | Dəqiqə | qol | penalti | sarı | qırmızı |
Şamaxı | Əkpər Vəliyev | 3 | 194 | -7 | 0 | 0 | 0 |
Şamaxı | Rəşad Əzizli | 10 | 886 | -11 | 1/1 | 0 | 0 |
Şamaxı | Sahib Həsənov | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Neftçi | Aqil Məmmədov | 7 | 596 | -5 | 1/1 | 2 | 0 |
Neftçi | Əlirza Müştəbazadə | 1 | 24 | 0 | 0 | 0 | 0 |
Qarabağ | Amin Ramazanov | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Qarabağ | Şahruddin Məhəmmədəliyev | 2 | 180 | -1 | 0 | 1 | 0 |
Qəbələ | Elməddin Sultanov | 1 | 10 | 0 | 0 | 0 | 0 |
Qəbələ | Səlahət Ağayev | 12 | 1080 | -13 | 1/1 | 1 | 0 |
Sabah | Nicat Mehbalıyev | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Sabah | Rustam Samiqullin | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Sabah | Yusif İmanov | 12 | 1080 | -10 | 3/3 | 0 | 0 |
Səbail | Emil Balayev | 10 | 885 | -14 | 2/2 | 0 | 0 |
Səbail | Hüseynəli Quliyev | 3 | 195 | -3 | 1/1 | 0 | 0 |
Səbail | Sadiq Məmmədzadə | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Sumqayıt | Aydın Bayramov | 12 | 1080 | -17 | ¾ | 0 | 0 |
Sumqayıt | Xəyal Fərzullayev | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Zirə | Anar Nəzirov | 7 | 630 | -13 | 1/1 | 3 | 0 |
Zirə | Mehdi Cənnətov | 5 | 450 | -7 | 0 | 0 | 0 |
Kəpəz | Kamran Ibrahimov | 6 | 540 | -17 | 1/1 | 0 | 0 |
Kəpəz | Müşviq Nadirov | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Kəpəz | Orxan Sadıqlı | 6 | 540 | -9 | 0 | 0 | 0 |
Turan-Tovuz | Kamal Bayramov | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Turan-Tovuz | Tərlan Əhmədli | 11 | 990 | -13 | 3/3 | 0 | 0 |
Ümumiyyətlə, elita təmsilçilərinin yerli qapıçılarının millidəki perspektivinə nəzər saldıqda nə “Zirə”nin 37 yaşlı qapıçısı Anar Nəzirovun, nə də onunla həmyaşıd olan “Turan Tovuz”un qolkiperi Kamal Bayramovun bundan sonra uğurlu yığma karyerası quracağını düşünmək olmur. Əsas millinin ehtiyat qapıçıları sayılan “Qəbələ”li Səlahət Ağayevlə, “Səbail”in üzvü Emil Balayevin isə karyeralarında olan eniş təəssüf doğurur.
Az-çox oynamaq şansı qazanan gənc yerli qapıçılar “Turan Tovuz”lu Tərlan Əhmədli, “Sabah”da əsas heyət üzvü olan Yusif İmanov, “Sumqayıt”dan Aydın Bayramov və “Şamaxı”dan Rəşad Əzizli isə Şahruddin Məhəmmədəliyevlə rəqabət aparacaq səviyyədə qolkiperlər deyillər.
Tural Məmmədov