Azərbaycan Silahlı Qüvvələrinin 27 sentyabr 2020-ci ildə başladığı əks- hücum əməliyyatı nəticəsində erməni işğalı altında olan torpaqlarımız, həmçinin ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa şəhəri işğaldan azad edilib. Noyabrın 8-də işğalçılardan təmizlənən şəhərin mərkəzinə üçrəngli şanlı bayrağımız sancılıb. Bununla da, 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərə imza atılıb.Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. İndi dünyanın bir çox ölkəsi 44 günlük müharibədə Ordumuzun taktikasını, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.
Artıq Şuşanın azad edilməsindən 2 il ötür.
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edib. Ölkə başçısı çıxışı zamanı bildirib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Şuşa şəhərinin işğaldan azad edilməsi hərb elminə qızıl səhifə kimi daxil olacaq. Şuşa həqiqətən alınmaz qala sayılır.Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.
Dövlət başçısı son iki il ərzində Şuşaya səfərlərindən, eləcə də Zəfər yolunun çəkilişindən də söz açıb.Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb.
Müharibənin ilk günündən son gününə qədər Silahlı Qüvvələrimiz yalnız irəli gedirdi. Ordumuz 44 gün ərzində bir gün də geri addım atmamışdı. Xalqımızı möhtəşəm Zəfərə aparan güclü iradə, Vətən eşqi, hərbçilərimizin peşəkarlığı idi.
Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.
Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər.
Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz.
II Qarabağ müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq.
Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq.
Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq vəçatdırdıq.
Bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi. Bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Amma onlar da heç bir səmərə vermədi.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür.
Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.
Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Bunlar ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir.
Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik.
Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq.
Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır.
Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu.
Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib.
Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik.
Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq.
İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.