AFFA 1994-cü ildən etibarən FİFA və UEFA-nın üzvü olsa da, milli komandamız hələ də nə Avropa, nə də dünya çempionatının iştirakçısı olmayıb. Elə bu həftə start götürəcək mundialı da yerli azarkeşlərimiz kimi futbolçularımız da mavi ekran qarşısında izləyəcək. Amma bu heç də Azərbaycan futbolu ilə dünya çempionatının final mərhələsini heç nəyin bağlamadığını demək olmaz. Belə ki, müxtəlif dövrlərdə mundiallarda ölkə futbolçularının təmsilçiləri olub. Hər halda, qarşıdan gələn 20-ci dünya çempionatı ərəfəsində ölkəmizin dünyanın ən böyük futbol forumunda nə zaman və hansı formada təmsil olunduğunu araşdırmaq maraqlı olardı.
Məmmədov və Kuznetsovun bəxti gətirmədi
Müstəqilliyinin 23-cü ilini yaşayan Azərbaycan buna qədər SSRİ-nin tərkibində olduğundan futbolçularımız əvvəllər yalnız Sovet İttifaqının yığmasının heyətində mundial həyəcanı yaşaya bilərdilər. İkinci dünya müharibəsindən sonra – 1946-ci ildən FİFA-nın üzvü olan və 1957-ci ildən dünya çempionatının final mərhələsinə çıxmaq üçün mübarizəyə qoşulan SSRİ yığmasında 1958-ci ildəki mundila qatılmaq şansı olan azərbaycanlı dəri top ustaları olsa da, bu, mümkün olmamışdı. O dövrdə xüsusən Ələkbər Məmmədovun zədə səbəbindən 1958-ci ildəki dünya çempionatından kənarda qalmasını qeyd etmək olar. Bundan başqa, Azərbaycan futbolunun yetirməsi – hücumçu Yuri Kuznetsov da eyni səbəbdən dünya çempionatına aparılan heyətdə yer almadı.
“Neftçi”nin üzvü bombardir olsa da…
Dörd il sonra Çilidə keçirilən dünya çempionatında da Azərbaycan futbolunun heç bir təmsilçisi yox idi. Nə 1962-ci ildə 16 qolla SSRİ çempionatının bombardiri olan Eduard Markarov, nə də “Neftçi”nin digər üzvləri dünya çempionatına aparıldı.
İlk dəfə mundialda
Azərbaycan futbolu nəyahət, 1966-cı ildəki dünya çempionatında təmsil olundu. Həmin mundiala yollanan heyətdə yer alan “Neftçi”nin hücumçusu Anatoli Banişevski SSRİ yığmasının dördüncü olduğu dünya çempionatında beş matçda iki qol vurmaqla yadda qaldı. “Neftçi”nin digər üzvü Eduard Markarov isə həmin turnirdə bir qarşılaşmanın iştirakçısı olmuşdu.
İngiltərədə keçirilən dünya çempionatında Azərbaycanı “Neftçi”nin sözügedən üzvləri ilə yanaşı, məşhur referi Tofiq Bəhrəmov da təmsil edirdi. Həmyerlimiz İspaniya – İsveçrə (2:1) qarşılaşmasında baş, İngiltərə – Uruqvay (0:0) və Argentina – İsveçrə (2:0) görüşlərində, həmçinin İngiltərə və AFR yığmaları arasındakı final qarşılaşmasında (4:2) yan xətt hakimi kimi iş başında idi. Xüsusi ilə həlledici oyunda ingilislərin vurduğu üçüncü qolu hesaba almaqla məşhurlaşan Bəhrəmov adını futbol tarixinə yazdırmağı bacarmışdı.
Futbolçular namizəd, Bəhrəmov iştirakçı oldu
Bundan dörd il sonrakı mundialda isə həmyerlilərimizdən heç kim çııxış etməmişdi. Baxmayaraq ki, mundialdan əvvəl açıqlanan və FİFA-ya da göndərilən ilkin heyətdə “Neftçi”nin üzvləri Rafiq Quliyev, Vladimir Bruxti və Yuri Stekolnikov da yer almışdı. Amma son anda SSRİ yığmasının baş məşqçisi Qavril Kaçalin onlardan heç birini 1970-ci ildəki dünya çempionatına aparmadı. Həmin ərəfədə cəzalandırılan və bu səbəbdən sovet komandasından da kənarlaşdırılan Anatoli Banişevski də çempionatı televizor qarşısında izləməli olmuşdu.
Futbolçularımızdan fərqli olaraq 1966-cı ildəki mundialın qəhrəmanlarından olan Tofiq Bəhrəmov dörd il sonra da iş başında idi. Həmyerlimiz Meksikadakı futbol forumunda Peru – Mərakeş (3:0) matçında əsas, Mərakeş – Boqarıstan (1:1) və yarımfinaldakı Braziliya – Uruqvay (3:1) qarşılaşmalarında isə yan xətt hakimi idi.
Banişevski cəzalanmasaydı…
Siyasi səbəbləri əsas gətirərək 1974-cü ildəki mundialdan imtina edən SSRİ yığmasında həmyerlilərimizdən heç kim seçmə mərhələdə də çıxış etməmişdi. Bu, daha çox həmin vaxt “Neftçi”nin aşağı dəstədə mübarizə aparması və yığmaya əsas namizəd olan Anatoli Banişevskinin 1972-ci ildəki Avropa çempionatının final qarşılaşmasındakı məğlubiyyətin əsas səbəbkarı kimi göstərilərək yığma komandadan birdəfəlik uzaqlaşdırılması ilə əlaqədar idi.
Əzimzadə və Ponomaryov namizəd olsa da…
Tofiq Bəhrəmovun hakimlikdən getməsindən sonra Azərbaycan hakimlik məktəbinin beynəlxalq arenadakı təmsilçisi Eldar Əzimzadə idi. 1978-ci ildə Tunisdə 20 yaşlılar arasında keçirilən dünya çempionatında fit səsləndirən referi həmin turnirdən kənarda qaldı. Həmin dövrlərdə SSRİ-nin ən yaxşı 10 hakimi arasında göstərilən Əzimzadə 1980-cı ildə Moskva Olimpiadasının final oyununu idarə etməklə adından söz etdirsə də, 1982-ci ildə İspaniyada təşkil olunan mundialda da Eldar Əzimzadənin adına rast gəlinmədi.
SSRİ-nin yeniyetmələr yığmasının tərkibində Avropa çempionu, 1979-cu ildə isə 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının gümüş mükafatçısı olan Azərbaycan futbolunun nümayəndəsi İqor Ponomaryov 1980-ci ildə Sovet İttifaqının əsas yığmasında debüt etmişdi. Həmin vaxt Moskva OMİK-nin formasını geyən Ponomaryov yığmaya namizəd sayılsa da, 1982-ci ildəki dünya çempionatına aparılmamışdı.
Sınaqdan üzüağ çıxan olmadı
1986-cı ildə SSRİ-nin Olimpiya və klublar yığmalarının oyunlarında sınaqdan keçirilən “Neftçi”nin üç üzvü – hücumçular İsgəndər Cavadov və Maşallah Əhmədov, həmçinin müdafiəçi Valeri Pançik, görünür, bu sınaqdan üzüağ çıxmadılar ki, Sovetlər Birliyinin əsas komandasına çağrılmadılar. Bir sözlə, 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi yox idi.
Nə Jidkov, nə də Qasımov
“Neftçi” 1989-cu ildə birinci dəstədə çıxış etdiyindən “xalq komandası”ndan kiminsə SSRİ yığmasına cəlb olunaraq İtaliyadakı dünya çempionatına getməsi real görünmürdü. Bu səbəbdən 1989-cu ildə 16, bir il sonra isə 22 qolla birnci dəstənin ən sərrast oyunçuları sırasında yer alan Vəli Qasımovun mundiala yollanmaması təbii qarşılanmalı idi. Qasımovla müqayisədə həmin dövrdə Kiyev “Dinamo”sunda forma geyən Aleksandr Jidkovun dünya çempionatına aparılacağını proqnozlaşdıranlar daha çox idi. Sovet yığmasının baş məşqçisi Valeri Lobanovskinin rəhbərlik etdiyi Ukrayna “Dinamo”sunun ikinci qapıçısı olan Jidkovun SSRİ yığmasının heyətində də ehtiyat qapıçı kimi İtaliyaya gedəcəyini güman etmək olardı. Amma sonda Rinat Dasayev, Viktor Çanov və Aleksandr Uvarova güvənən məşqçilər korpusu Jidkovun mundial xəyallarının üstündən xətt çəkdi.
Hələ ki, nəticə yoxdur
1991-ci ildə müstəqilik qazanan Azərbaycanın futbol federasiyası, həmçinin milli komandamız 1992-ci ildən fəaliyyətə başlasalar da, FİFA və UEFA-ya yalnız 1994-cü ildə üzv oldu. İlk dəfə dünya çempionatının seçmə mərhələsində isə 1998-ci ildə iştirak edən milli komandamız indiyə qədər beş dəfə dünya çempionatının seçmə mərhələsinə qatılsa da, hələlik mundialın iştirakçılarısırasına çıxa bilməmişik.
Tural Məmmədov