Xeyirxahlıq xalqımıza məxsus olan ən nəcib keyfiyyətlərdən biridir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən hər zaman şəhid ailələri, qazilərimiz diqqət və qayğı ilə əhatə olunurlar. Buna misal olaraq DTX rəhbərliyinin daim şəhidlərimizə həsr olunmuş tədbirlərdə iştirak etməsi, şəhid ailələlərinin, qazilərin ziyarətində olması və digər təşəbbüsləri qeyd etmək olar. Vətən müharibəsində itgin düşən Mehdiyev Asim Yaqub oğlunun ailəsi də bu qayğını öz üzərində hiss edir. Bugünlərdə ailəyə məxsus ev əsaslı təmir olunaraq onlara təhvil verildi. Evin təmirdən sonrakı açılış mərasimində rayon rəhbərliyi, şəhid ailələri, media nümayəndələri, müharibə iştirakçıları, kənd sakinləri iştirak etdilər. Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, iş adamı Nizami Allahverdiyev, “N” saylı hərbi hissənin komandir müavini, mayor Samiddin Zamanov və başqaları 44 günlük müharibədə itkin düşmüş Asim Mehdiyevin şərəfli döyüş yolundan söz açdılar .
Daha sonra evə baxış keçirildi.
Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü və
Nizami Allahverdiyevin təşkilatçılığı ilə əsaslı təmir olunan bu ev olduqca rahatdır və yaşayış tələbələrinə tam cavab verir. Eyni zamanda, ev ən müasir məişət avadanlıqları ilə də təmin olunub.
Asim Quliyevin valideynləri evin ərsəyə gəlməsində zəhməti keçən insanlara öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Mehdiyev Asim Yaqub oğlu 2001-ci il yanvarın 1-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Üç bacının tək qardaşı olan Asim valideynləri ilə sonuncu dəfə 2020-ci il noyabrın 7-də telefonla danışıb. O gündən Asimin ailəsinin gözləri yolda, qulaqları səsdədir. Biz də uca Allahdan itkin düşən əsgərimizdən tezliklə xəbər eşitməyimizi diləyirik.
Pərvin ŞAKİRQIZI
Fotolar Mais İbrahimovundur
Pərvin Şakirqızı