Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Hərbi ekspertlərin də qeyd etdiyi kimi ,ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
Nəticədə Ağdam rayonu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.Həmən gündən uç rəngli bayrağımız məğrur -məğrur Ağdamda da dalğalanır.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Nəticədə Ağdam 6 min qəhrəmanını şəhid verib.Onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu, Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq işlərinə başlanılıb.Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib.Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri olub. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi və başqa abidələr Ağdam rayonu ərazisində yerləşib.
Ağdam yenidən qurulmasından sonra əvvəlkindən də gözəl şəhərə çevriləcək.Ağdamın ,ağ damları yenidən ucalacaq, əvvəlkindən də gözəl görkəm alacaq .
İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – bizlərin yolunu gözləyir.
Pərvin ŞAKİRQIZI
Aran Ağcabədi internet TV -nın aparıcısı