2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı il ərzində rayonda silsilə tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri də noyabrın 21-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və “Aran” qəzetinin birgə təşkilatçılığı ilə keçirilib. Şəhərin Heydər Əliyev Meydanında təşkil edilən sərgidə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, Xocavənd kənd Uşaq Musiqi məktəbi, Ü.Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbi, Bayraq Muzeyi, Ağcabədi Dövlət Rəsm Qalareyası, Tarix Diyarsünaslıq muzeyi, rayon mərkəzi kitabxanası, həmçinin şəhər məktəblərinin, “Aran” qəzetinin, 5 saylı körpələr evi-uşaq bağçasının əl işləri, kitab, qəzet, jurnallar və qədimi əşyalar nümayiş olunub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən “Aran” qəzetinin redaktoru Məhsəti Musa Şuşanın mədəniyyətimizin beşiyi olmasından, xalqımızın dəmir yumruq ətrafında sıx birləşməsindən, bu birlik sayəsində əldə etdiyimiz Zəfərdən söz açıb.
Sonra Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək, Şuşa şəhərinin qədimliyindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışıb. R. Əliyeva bildirib ki, Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində Şuşa şəhəri 8 noyabr 2020-ci ildə düşmən tapdağından azad edilib və artıq bu qədim şəhərdə tikinti-abadlıq işləri aparılır.
Tədbirdə həmçinin Qarabağ Muğam Mərkəzi, Ağcabədi şəhər Uşaq Musiqi Məktəbi və 5 saylı körpələr evi- uşaq bağçasının təqdimatında musiqilər və rəqslər ifa olunub.