“Aranqezet.az” saytı vaxtilə Bakının “Neftçi” klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.
– Ölkəmizə gəlişiniz necə xatırlayırsınız?
– Səhv etmirəmsə, “Neftçi”yə 2008-ci ildə transfer olunmuşdum. Həmin vaxt İrlandiyanın “Droqheda” klubunda oynayırdım. Daha əvvəl isə Yeni Zelandiya, Malayziya və Yunanıstanda top qovmuşdum.
Azərbaycan çempionatında çıxış edən ilk avstraliyalı futbolçu kimi tarixə düşmüsünüz. “Neftçi” yə gəlişiniz necə reallaşmışdı?
– Məni komandaya nalmaniyalı məşqçi dəvət etmişdi. Üzrlü sayın ki, adını unutmuşam.
– Sizin transfer olunduğunuz dönəmdə komandanı almaniyalı Hans Yürgen Gede çalışdırırdı
Hə, məhz o müdafiəçi axtarışında olanda mənimlə əlaqə saxlanılmışdı. Amma alman baş məşqçinin “Neftçi”dəki fəaliyyəti uzun sürmədi deyə sonradan mən də klubdan ayrıldım.
– Hans Yürgen Gedenin gedişindən sonra onun postunu tutan Böyükağa Hacıyev isə sizi əvəzedici komandaya göndərmişdi
– Düzü, Azərbaycana uyğunlaşmaq bir az çətin oldu, amma yeni baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim.
– Amma məsələ burasındadır ki, Bğyükağa Ağayevin gəlişinədək də Bakı klubunda şans qazanmırdınız. Təsadüfi deyil ki, cəmi üç matçda şans qazanmısınız.
Düzdü, az oynadım, amma əslində komandadxili durum da o vaxt yaxşı deyildi. Yadımdadı ki, məni əvəzedici komandaya göndərən yerli məşqçi klubun həmin mövsüm üçün üçüncü çalışdırıcısı idi və buna qədər iki əcnəbi yola salınmış, ən əsası Hans Yürgen Gede ilə əksər oyunmular problem yaşamışdı. Sonda komandanın mövsümü 8-ci pillədə başa vurması da hər şeyi ortaya qoyur.
– Azərbaycandan sonra karyeranızı necə davam etdirdiniz?
– “Neftçi” ilə yollarımız ayrılanda artıq 30 yaşım var idi və Avstraliyaya qayıtmaq qərarına gəldim. Həmin vaxt “Nortern Furi” komandasına transfer olundum. Daha sonra bir neçə yerli klubda da top qovdum. Karyeramı isə Çin təmsilçisi “Quanqjou Everqrand”da başa vurdum.
– “Neftçi”dən getdikdən sonra Azərbaycan klublarından hər hansı bir təklif olmamışdı?
– Yox, olmadı. Bəlkə də menecerimə əlaqə qurnalar olmuşdu, amma rəsmi heç nə yox idi. “Neftçi”dəki karyeram qısa sürdü deyə Azərbaycanda yenidən top qovmaq haqda düşünmədim.
– Azərbaycan futbolunu izləyirsinizmi?
– Yox, açığı izləmirəm. Düzdü, “Qarabağ”ın avrokuboklardakı çıxışı diqqətçəkəndir, amma sırf “Qarabağ”la bağlı ara-sıra məlumat almaq o demək deyil ki, sizin futboldan xəbərdaram.
– 2008/2009-cu illər mövsümündə çıxış etdiyiniz Azərbaycan çempionatında futbolunun səviyyəsi yadınızda necə qalıb?
– Bakıda az olmuşam deyə geniş fikirlər bildirə bilmərəm, amma sizdə texnikalı futbola üstünlük verilir. Həmin dövrdə klubların yaxşı maliyyə mənbələri var idi. Çempionluq üçün yarışan komandaların sayı da kifayət qədəriydi.
– Sonda isə hazırda davam edən Dünya çempionatı ilə bağlı fikirlərinizi və Avstraliya yığmasından gözləntilərinizi bizimlə paylaşmağınızı istərdik.
– Mundial sürprizlərlə başladı. Bəlkə də Argentinanın Səudiyyə Ərəbistanı yığmasına, Almaniyanın isə Yaponiya millisinə uduzmasını heç kim, ən nikbin azarkeşlər də gözləmirdi. Məncə, Qətərdəki yarışın favoriti Braziliya yığmasıdır, amma İspaniyanı da hesabdan silmək olmaz. Avstraliyaya gəlincə, Viduka, Kyuel, Keyhil kimi təcrübəli simaların olduğu millidən sürpriz gözləmək nə qədər real idisə, indiki heyətdə yer alan futbolçulardan sürpriz gözləmək o qədər inandırıcı deyil. Amma hər halda son oyunda qazanılan qələbə millimizin şanslarını saxlamasına imkan verdi. hər halda ölkəmi təmsil edən milli komandaya uğurlar arzu edirəm.
Söhbətləşdi: Tural Məmmədov