Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət ədəbiyyatını” yaradan müqəddəs Vətən məhəbbəti Azərbaycanı səciyyələndirən əsas mövzulardan biri olmuşdur. XIX əsrdə Türkmənçay, Gülüstan müqavilələri əsasında İranla çar Rusiyası arasında bölünmüş, hissə-hissə qonşulara verilmiş Vətən torpaqları əsrlər boyu bu xalqın dərd yükünə çevrilib, şeirlərdə kədər notları ilə səciyyələnmişdir.

Azərbaycan şeirinin Vətənə məhəbbət meyarı rolunu oynayan Cənub mövzusu 70-ci illərdə S.Rüstəm, B.Vahabzadə, B.Azəroğlu, Ə.Tudə, M.Gülgün və başqa şairlərin yaradıcılığında öz əksini tapdı. 80-ci illərdə isə N.Xəzri, M.Araz, F.Qoca, S.Rüstəmxanlı, M.İsmayıl və digərlərinin əsərlərində yeni bir keyfiyyətdə-Milli azadlıq problemlərinin əsas mövzusu kimi meydana çıxdı.

80-ci illərin sonlarına doğru isə, Azərbaycan poeziyasının “Araz çayı”na “yeni daşqın”, “yeni bir sel” qoşuldu:

Çoxu yelçəkənə oxşadıb səni,

Şimaldan cənuba onu tapdadı.

Ayırıb Təbrizi bölüb Göyçəni,

İndi də Qarabağ haqq-hesabdadır.

Artıq neçə yüz ildir Vətənin bütövlüyü parçalandı, hissə-hissə Zəngəzuru, Göyçəni, Başkeşidli və s qonşulara pay verildi, xalq özü də ayrı düşdü, doğma elindən, bütövlüyündən:

Yazıldı taleyimiz

Bu torpağa, bu suya,

Yazıldı taleyimiz

Bir ədəbi yuxuya

Sərvətim məlhəm oldu

Yadların azarına

Azərbaycan qoyuldu

Hərracın bazarına

Sərhəd-sərhəd paylanıb

Tikə-tikə böldülər…

Bu misralar Qarabağlı şair Ə.Quluzadənin “Qarabağ oyunu” poemasındandır. Siyasət məngənəsinə düşən Azərbaycanın füsünkar Qarabağının ölüm – olum faciəsini poetik dillə ifadə edən şair Vətənin bu ağrıları önündə fəryad edir:

Göyçə başdan-başa çənə büründü,

Zəngəzur elləri yandı odlara.

Yurdumuz beləcə tapdağa döndü,

Aran mənə qaldı, yaylaq dağlara.

Şair qələmə aldığı bu poemada siyasət məngənəsinə düşən Azərbaycanın, onun bir parçası olan Qarabağın taleyini poeziya dili ilə aydın ifadə etmişdir:

Qarabağ mahalı öz yuxusundan

Ayrılıb qalxıbdır aranlı-dağlı.

Qəzəblər sıyrılıb çıxaraq qından

Ədalət axtarır əliçıraqlı.

Bu dövrü səciyyələndirən ən tutarlı poetik nümunələri Z.Yaqub, X.Rza Ulutürk, N.Xəzri, Qabil, Ə.Əhməd, N.Kəsəmənli və başqaları yaratmışlar:

Çəkin Qarabağdan qara əlləri,

Kükrəyib qəzəbdən od tökər qanım.

Qarışsa yad elə bircə qarışım,

Özüm də torpağa qarışım gərək.

Çəkin bu torpaqdan qara əlləri,

Çəkin Qarabağdan qara əlləri.

                                       (N.Xəzri)

Neçə-neçə həqiqətim nağıldı,

Çox ocaqlar yandı, söndü dağıldı.

Ürəyimdə dərd təzədən doğuldu,

Zildə bəmi, bəmdə zili oyatdın.

                                      (Z.Yaqub)

Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazmayan, bu müsibətdən doğan kədəri, fəryadı ifadə etməyə çalışmayan şair, yazar demək olar ki, yoxdur. Yuxarıda adları qeyd edilən şairlərlə yanaşı, didərginliyin ağrısını öz taleyində yaşamış Eldar İsmayıl, Tahir Talıblı, Dünyamalı Məftun, Fərhad Vəlizadə, Məcnun Göyçəli, Aftandil Məmmədov, Flora Xəlilzadə və başqalarının qələmində də soydaşlarımızın iztirabları daha poetik, daha təsirli və ağrılıdır.

30 illik bir dövrdə yazılan bütün poetik əsərlərdə, o cümlədən nəsrdə, dramaturgiyada və bədii-publisist yazılarda bir vətən sevgisi el-oba və yurd həsrəti duyulmaqdadır. Ə.Əhmədin “Bu qılınc qınında pas ata bilməz”, Ə.Quluzadənin “Qarabağ oyunu” və s. irihəcmli əsərlərini oxuyarkən bu illərdə bir həsrət ədəbiyyatının yarandığını görürük.

Çünki adı çəkilən şairlərimiz və yazıçılarımız Qarabağ hadisələrinin, döyüşlərinin iştirakçısı olmuş və bu hadisələri görə-görə yazıb yaratmışlar. Amma nə qədər qəm, kədər motivləri ilə yüklənsələr də onların əsərlərinin sonunda bir nikbinlik, gələcəyə inam hissi duyulmaqdadır.

Bəli ağrılı, acılı, kədərli günlər artıq arxada qalmışdır. 44 günlük Vətən müharibəsi zamanı  müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir yumruğu və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğal olunmuş torpaqlarımız düşməndən azad edildi. 8 noyabr tarixini xalqımız böyük sevinc hissi ilə Zəfər Günü kimi qeyd edir. 

Bu qələbə, qəhrəman oğullarımızın vətənpərvərlik ruhu ilə apardığı mübarizə, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaət, onların vətən sevgisi indi ədəbiyyatımızın əsas mövzusudur. Qələbəmizə qədər yaradıcılıqlarında yanıqlı kədər və qüssə motivləri üstünlük təşkil edən şairlərimiz  indi zəfərimizi – şanlı qələbəmizi poetik dillə vəsf ediblər. K.Kərimli, Ə.Quluzadə, Tapdıq Əlibəyli, Vahid Əziz və demək olar ki, qələbəmizin şahidi olan əksər şairlərimizin yaradıcılığı bu mövzuya həsr edilmişdir.

Tapdıq Əlibəylinin “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı isə döyüşdən qalib çıxan xalqımıza ən böyük hədiyyə oldu:

Bürüsə də duman, çən Qarabağı,

Zəfər çiçəkləyib, bağrımın bağı.

Ruhumda illərin soyuq-sazağı,

Payız çöhrəsində yazdı 44-gün.

“Azərbaycandır Qarabağ” şeirinin müəllifi Vahid Əziz Zəfər günü münasibətilə yazdığı şeirdə Türkiyə Azərbaycan qardaşlığını poetik şəkildə belə işıqlandırmışdır:

Doğmadır torpağı daşı,

Türk övladı,vətəndaşı.

Ömrü – günü can sirdaşı,

Biri alov, biri ocaq

Azərbaycandır Qarabağ.

Tanıyırlar boyumuzdan,

İrsimizdən soyumuzdan,

Su içər öz quyumuzdan

Biri gövdə biri budaq

Azərbaycandır Qarabağ.

Göründüyü kimi Qarabağ hadisələrinin ilk günündən qəhrəman döyüşçülərimiz, vətənpərvər oğullarımız kimi şair və yazıçılarımız da öz qələmini süngüyə çevirərək düşmənə qarşı mübarizə aparmış, öz əsərləri vasitəsilə bu acı həqiqəti dünya xalqlarına çatdırmışdır. 

Gələcək nəsillər bu poetik əsərlər vasitəsilə xalqımızın başına gətirilən faciələri, torpaqlarımızın işğal olunmasını, vətən, torpaq uğrunda qan töküb şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızı tanıyacaq və onlarda vətən torpağını qorumaq, düşmənə qarşı barışmaz olmaq və s. kimi yüksək keyfiyyətlərin formalaşmasında mühüm rol oynayacaqdır.

Vaqif ALLAHVERDİYEV

ADPU Ağcabədi filialının kafedra müdiri,

filalogiya üzrə fəlsəfə doktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər