Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi həyata keçirilmişdir.
Layihə dekabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində, dekabrın 2-si isə Ağcabədi Pedaqoji Kollecində növbəti dəfə baş tutmuşdur.
“Aydınlar Ocağı” humanitar ictimai birliyinin sədri Vüqar Qədirov iştirakçılara layihə barədə ətraflı məlumat vermişdir. Vüqar müəllim qeyd etmişdir ki, layihənin əsas məqsədi gəncləri risklər və təhlükəsiz davranış haqqında maarifləndirmək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat vermək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydalarını öyrətməkdən ibarətdir.
Maarifləndirici tədbirlər zamanı çıxış edən qonaqlarxüsusi olaraq qeyd etdilər ki, İkinci Qarabağ savaşı başa çatsa da, torpaqlarımız erməni işğalından azad olunsa da, lakin erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail olurlar. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etmir, müxtəlif bəhanələrlə bundan boyun qaçırırlar. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəli ölümü ilə nəticələnir.Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında liderlərdən biridir.
Layihə zamanı gənclərə “Təhlükəsiz Həyat” başlığı altında videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən gənclərə dəftərxana ləvazimatları paylanmış, çay-kofe süfrəsi ətrafında diskussiyalar davam etdirilmişdir.