Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə, sağlam ruh olar” ifadəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə bir fikir formalaşır ki, vücudumuzun sağlamlığı, ruhumuza da birbaşa təsir edir. Bununla yanaşı fiziki hərəkətlə müntəzəm olaraq məşğul olmaq insanın orqanizmini bir sıra ciddi xəstəliklərdən qoruyur. Rayonumuzda da kifayət qədər idman obyektləri fəaliyyət göstərir. Haqqında söz açdığım idman növlərindən biri fitnesdir. Fitnes – sağlam və formada olmaq mənasını verir. Dünyada peşəkar və qeyri-peşəkar idmançıların məşğul olduğu fitnes idman növü artıq ölkəmizdə də inkişaf etməkdədir. Bodibildinq, pauerliftinq, MMA kimi fərqli idman növlərinin ayrılmaz hissəsi olan fitnes ABŞ və Avropa ölkələrində daha populyardır. Çox insanın gözəl bədən forması qazanmaq üçün məşğul olduğu idman sahəsi heç də kənardan göründüyü qədər sadə deyil. Bununla əlaqədar rayonumuzda idmanın bu növünə göstərilən münasibət və maraqla bağlı rayonun  fitnes idman növü üzrə məşqçi-müəllimi Süleyman Gözəlovla həmsöhbət olduq. S.Gözəlov ilə məşq keçdiyi fitnes zalında görüşdük.

– Xoş gördük, Süleyman müəllim. Söhbətimizə keçməzdən öncə istərdim oxucularımız öncə sizin özünüzü yaxından tanısın. Bu idman növünə marağınızın necə yarandığı öyrənsin.

– Xoş gördük. Mən Gözəlov Süleyman Rəhman oğlu 1988-ci ildə Ağcabədi rayonunda anadan olmuşam. Orta təhsilimi Ağcabədi şəhər 4 saylı tam orta məktəbində almışam. Mən 2003-cü ilə qədər, məktəbli olduğum vaxtlarda həvəskar kimi boks idman növü üzrə məşqlərə getmişəm. Elə həmin ildən hal-hazıradək idmanın bodibilnq növündə çalışıram. Bu idman növü üzrə ilk məşqlərimi Bakı şəhərində peşəkar məşqçi-müəllim Nadim Həsənovun yanında keçmişəm. Bu sahəyə gəlməyimin səbəbi də bodibildinqə olan hədsiz sevgi və istəyimlə bağlıdır. N.Həsənovun yanında nəzəri və praktiki biliklərimi təkmilləşdirdikdən sonra belə bir fitnes zalını rayonumuzda açmaq qərarına gəldim. Bunu açarkən təkcə maddi tərəfini deyil, ilk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm. Nəhayət 2014-cü ildə fitnes zalını açdım. Artıq bu sahənin idman mütəxəssisi kimi öz bildiklərimi məşq edənlərə böyük sevgi ilə öyrədirəm.

– Rayonda gənclərin fitnesə marağı çoxdurmu?

– Gənclərin bu sahəyə marağından danışarkən, az insanın gəlməsinə baxmayaraq, bu idman növünə daha çox yeniyetmə və gənclərin böyük maraq göstərdiklərinin şahidi oluram. Bu isə mənim özümdə böyük stimul yaradır. Müntəzəm olaraq gələn elə gənclərimiz var ki müəyyən dövr ərzində çox gözəl bədən quruluşuna sahib olurlar. Bütün bunlara mənim dediyim düzgün məşq proqramı və qidalanma sayəsində nail olurlar.

– Qidalardan söz açmışkən, gözəl bədən quruluşuna malik olmaq üçün hansı qidalara üstünlük verilməli və hansı qaydalara əməl olunmalıdır?

– İlk növbədə gözəl bədən yığmaq üçün sağlam qidalanmalısan. Yəni şirniyyatdan, qazlı şirin sulardan, yağlı və xəmir xörəklərindən imtina etməlisən. Bunun yerinə yumurta, qırmızı ət, balıq, toyuğun sinə əti, meyvə, tərəvəz və bu kimi sağlıqlı qidalara üstünlük verilməlidir. Bununla yanaşı, məşq etdiyin gün bədəninin enerji tələbini ödəmək üçün gün ərzində 3 litr su qəbul etmək lazımdır. Çünki sağlam şəkildə arıqlamadan istədiyin nəticəni əldə edə bilməzsən. Sonra təbii ki, müəllimin verdiyi məşq proqramına ciddi şəkildə əməl etməlisən. Bu iki amili yerinə yetirsən dediyiniz fit bədənə sahib olmaq olar.

– Yetirmələrinizdən nailiyyəti olan varmı?

– Ölkəmizin bu idmanla bağlı vəziyyətini nəzərə alsaq, əvvəllər Bakı şəhərinin özündə bu sahə inkişaf edirsə, bu gün bölgələrimizdə də idmanın bu növünə maraq gündən-günə artırmaqdadır. Belə imkanı dəyərləndirən yetirmələrim çox olub. Onlardan biri də Rahib Əkbərovdur. O, dəfələrlə bölgələrarası  bodibildinq yarışlarının qalibi olub və mükafata layiq yerlər tutub. Mən isə bu gün onun kubokunu fəxrlə zalın ən baxımlı yerlərindən birinə qoymuşam. Məşqçi olduğum idman zalında gələcəkdə nəinki ölkəmizdə, beynəlxalq turnirlərdə uğurlu nəticə qazanan idmançıların yetişəcəyinə əminəm.

– Gənclərin zərərli vərdişlərdən uzaq durması üçün nə tövsiyə edərdiniz?

– İlk növbədə onlara narkotikdən, spirtli içkilərdən, siqaretdən və bu kimi zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edirəm. Bunların yerinə zehni qüvvətləndirmək üçün mütaliəyə və bədənlərinin sağlam olması üçün idmana dəvət edirəm. Necə deyərlər, biri ruhumuzun, digəri bədənimizin sağlığını təmin edir.

– Görürəm fitnes zalında idman etmək üçün lazımı şərait yaradılıb. İstənilən şəxs məşq üçün bura üz tuta bilərmi?

– Əlbəttə ki, çox gözəl bir məqama toxundunuz. Demək olar ki, gündəlik fəaliyyət göstərən idman zalımız hər cür şəraitlə təmin olunub. İstər zalımızın genişliyi, istərsə də idman avadanlıqlarının mövcudluğu zalımızda normal məşq etməyə imkan verir. Bu cür fürsətdən yararlanmaq istəyən hər bir kəsi idman zalımızda gözləyirik.

– Dəyərli vaxtınızı ayırdığınıza görə təşəkkür edirəm.

– Siz də gəldiyiniz üçün minnətdaram.

Söhbətləşdi: Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər