Yeni hədəf yeni zirvələrdir

Ölkənin aqrar sektorunda bir Ağcabədi nümunəsi yaranıb. Torpağı münbit, havası saf, suyu bol, insanları xoşməramlı və əməksevər olan bu bölgə son illər kənd təsərrüfatı məhsulları istehsalında gerçək qabaqcıl təcrübə məktəbinə çevrilib.
Qazanılan nailiyyətlərin mayasında ölkənin aqrar sənaye kompleksinin inkişaf  strategiyasına rayon rəhbərliyindən  tutmuş taleyini torpağa, halal zəhmətə bağlayan sadə əmək adamlarınadək hər kəsin məsuliyyətli münasibəti dayanır. Dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri özünün aydın və məqsədyönlü fəaliyyət proqramına çevirən Ağcabədi kəndlisi pambıqçılığın, taxılçılığın, baramaçılığın, eləcə də  heyvandarlığın inkişafında son illər böyük uğurlara imza atır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdə qüdrəti, Azərbaycan  əsgərinin qəhrəmanlığı sayəsində şanlı qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi artıq iki ildir ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədidə də xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratmışdır. Azərbaycan  əsgərinin döyüş meydanındakı qəhrəmanlıqlarını Ağcabədi kəndlisi tarlalarda, zəmilərdə, fermalarda davam etdirir.
Pambıqçılıq bu gün rayon iqtisadiyyatında  aparıcı sahədir. Hələ sovet dönəmində Ağcabədi respublikanın iri pambıqçılıq təsərrüfatı kimi şöhrət qazanmışdır. Müstəqillik dövrünün müəyyən dönəmində gözdən salınan pambıqçılıq tənəzzül illərini yaşamış, nəticədə kəndlərdə kütləvi işsizlik yaranmış, əhali dolanışıq dalınca  şəhərlərə, yaxın xarici ölkələrə axışmışdı. Kənddə qalanlarsa günlərini  çayxanalarda, nərd, domino oynamaqla keçirirdilər. 
Prezident İlham Əliyevin vaxtında  qəbul etdiyi qərar  kənd təsərrüfatında ənənəvi sahələri, o cümlədən pambıqçılığı dirçəltmək barədə çağırışı, ölkənin aqrar sektorunda həlledici dönüşün təməlini qoydu. Kəndlərin üstünü örtmüş qara buludlar dağıldı, kəndlilərinsə qırışığı açıldı. Qısa müddətdə göz işlədikcə uzanan geniş tarlalar yenidən ağ örpəyə büründü, bərəkətli çöllərimizin barı, bəhrəsi aşıb-daşdı. Torpaqla ünsiyyətdən güc alan kəndlinin gün-güzəranı, dolanışığı yaxşılaşmağa başladı.
Ölkənin canlanan, yeniləşən aqrar sektorunda Ağcabədinin dəst-xəti tamam fərqlidir. Təbii ki, torpağın münbitliyi, insanların əməksevərliyi və ən başlıcası, idarəetmənin səmərəliliyi sayəsində ölkədə pambıqçılığın inkişafında dönüş ili kimi qəbul edilən 2016-cı illə müqayisədə rayonda pambıq istehsalı faizlə yox, dəfələrlə artmışdır. Xatırladaq ki, 2016-cı ildə  rayonun təsərrüfatlarında 3661 hektarda pambıq əkilib-becərilmiş, 8852 ton məhsul istehsal edilmiş, hər hektarın məhsuldarlığı 24,2 sentner olmuşdur. İndi gəlin cari ilin göstəricilərinə nəzər salaq:  11838 hektarda pambıq əkilmiş, aqrotexniki tələblərə ciddi əməl edilməsi hesabına tarlalarda bol məhsul yetişdirilmişdir. Məhsulun tez və itkisiz yığılıb tədarük edilməsi üçün bütün qüvvələr bacarıqla səfərbər edilmişdir. İndiyədək rayonun təsərrüfatları tədarük məntəqələrinə 38317 ton pambıq təhvil vermişlər. Hər hektarın orta məhsuldarlığı 32,4 sentnerə yüksəlmişdir. Heç şübhəsiz belə nəticə səmərəli fəaliyyət, gərgin əmək sayəsində qazanılmışdır. İndi rayonda adlı-şanlı  pambıqçılar dəstəsi formalaşmışdır. Qabaqcıl fermerlər Ramil Abdullayev, Etibar Şirinov, Famil Quliyev və İsa Mürşüdov hər il yüksək məhsularlığa nail olurlar. 
Amma rayon təkcə pambıqçılıqda fərqlənmir, taxılçılığın da inkişafına xüsusi diqqət verilir. Cari təsərrüfat ilinin nəticələrinə görə, 19655 hektardan 80701 ton buğda (məhsuldarlıq 41,1 sentner), 8544 hektardan 33113 ton arpa (məhsuldarlıq   38,8 sentner) biçilmişdir. Hazırda gələn ilin məhsulu üçün taxıl səpini aparılır. Səpin aparılmış sahələrə aqrotexniki qaydalara uyğun qulluq olunur.
Rayonda ənənəvi kənd təsərrüfatı sahəsi olan baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Bu məqsədlə təsərrüfatlarda yeni kümxanalar inşa olunur, məhsuldarlığı yüksək olan çəkil bağları salınır. Etibarlı  maddi-texniki baza isə öz növbəsində barama istehsalını ildən-ilə artırmağa imkan yaradır. Bu il rayonun təsərrüfatlarında 884 qutu ipəkqurdundan 33061 kiloqram yüksəkkeyfiyyətli barama istehsal olunmuşdur.
Heyvandarlığa gəldikdə, cari ilin 11 ayında rayonun təsərrüfatlarında 12121 ton ət, 129325 ton süd, 16 milyon ədəd yumurta, 719,3 ton yun istehsal edilmişdir ki, bunlar da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Bu gün düşmənin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzurda yeni kəndlər, şəhərlər salınır, yollar çəkilir, körpülər tikilir. Eyni zamanda digər regionlarda kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün etibarlı bünövrə qoyulur, tədbirlər görülür. Bu işlərdə öndə gedən Ağcabədi kəndlisinin yeni hədəfi isə yeni zirvələrdir.

Lazım QULİYEV,
“Azərbaycan”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com