Son illər ölkə rəhbərinin digər sahələrdə olduğu kimi, kənd təsərrüfatına da göstərdiyi yüksək diqqət və qayğı bu sahənin inkişaf etməsi üçün yeni imkanlar yaradıb. Bu imkanı yaxşı dəyərləndirən fermerlər təsərrüfatın gəlirli sahələrindən olan pambıqçılığa böyük önəm verirlər. Hər il pambıqçılıqda aqrotexniki qaydalara lazımi şəkildə əməl edən təsərrüfat rəhbərləri pambıqdan bol məhsul götürməyə nail olurlar. Cari ildə bölgələr arasında pambıqdan yüksək məhsul götürən rayonlardan biri də Ağcabədidir. Bölgədə kənd təsərrüfatının vəziyyəti, pambıq yığımının hazırkı durumu ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırovla həmsöhbət olduq.
– Muxtar müəllim, mümkünsə Ağcabədinin şöhrətini ucaldan pambıqçılıq barəsində oxucularımıza məlumat verəsiniz.
– Bildiyiniz kimi 2017-ci il 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən pambıqçılığın inkişafına dair Dövlət Proqramı qəbul olunub. Həmin Dövlət Proqramının qəbul olunması rayonumuzda pambıqçılığın inkişafını daha da sürətləndirdi. 2016-cı ildən-pambığın becərilməsinə başlandığı vaxtdan digər illərlə müqayisədə ən yüksək məhsul 2020-ci ildə götürülüb. Baxmayaraq ki, həmin dövrdə ölkəmizdə II Qarabağ müharibəsi baş verib.İtirilmiş ərazilərin bərpası ilə əlaqədar ölkə müharibə şəraitində olduğuna görə pambığın yığımında müəyyən ləngimələr yaranmışdı. Həmin il rayonumuz müstəqillik tarixində ilk dəfə olaraq, 10 min 689 hektar əkin sahəsindən 37 min 982 ton məhsul istehsal etməyi bacarıb. Bu isə hər hektardan 35-55 sentner məhsul demək idi. Bununla rayon pambıqçıları tarixi bir ilkə imza atmağı bacarıblar. Bu il isə 11 min 838,6 hektar əkin sahəsində pambıq becərilib. Hər hektardan orta məhsuldarlıq 32,1 sentner təşkil edib.Cari ildə 38 min tondan çox “ağ qızıl” toplanaraq, pambıq məntəqələrinə tədarük edilib.Hazırda yığım işi uğurla davam edir. 200 hektardan artıq sahədə birinci üzdən, 2000 hektara yaxın əkin sahəsində isə ikinci üz yığılmamış pambıq qalıb. Son günlər yağışlı havanın hökm sürməsi pambığın yığımında müəyyən çətinliklər yaradıb. Əgər hava şəraiti imkan verərsə, rayonumuz bu il 40 min ton pambıq istehsal etməyə nail olacaq. Hava şəraiti imkan verməsə də, həmin nəticəsinin alınması üçün bütün gücümüzü səfərbər edəcəyik. Yaxın illərdə rayonumuz 20 min hektar sahədə pambıq becərməyi hədəf qoyub. Bununla yanaşı su ilə bağlı problemlər öz həllini taparsa, istədiyimiz nəticəyə yəqin k, müvəffəq olacağıq. Ağcabədidə pambıq istehsalının dinamik inkişaf etməsinin səbəbi rayon sakinlərinin kifayət qədər səriştəli və təcrübəli olması ilə bağlıdır. Pambıq digər tərəfdən əməktutumlu sahədir. Rayonda işsizliyin mövsumi də olsa aradan qaldırılmasına kömək edir. Biz əgər 40 min ton pambıq təhvil versək, bunun təqribi qiyməti bir manat səviyyəsində, yəni subsidiya ilə birlikdə 97 qəpik təşkil edir. Bunu da nəzərə alsaq, pambıqdan rayonumuza 40 milyon manata yaxın vəsait daxil olacaq. Bu isə fermerlerlə yanaşı orada işləyən bütün şəxslərin həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcək.
– Ümumiyyətlə, rayonumuzda kənd təsərrüfatı işləri nə vəziyyətdədir?
– Hazırda əvvəlki illərlə müqayisədə rayonda payızlıq taxıl səpini çox sürətlə aparılır. Ölkədə taxıla olan tələbatı ödəmək üçün lazımi işlər görülür. Təsərrüfatla məşğul olan şəxslər sertifikatlaşdırılmış taxıl toxumlarından istifadə edir. Bu üsul nəticəsində hər kəs torpağa çəkdiyi xərcin qiymətini və dəyərini daha yaxşı başa düşür.Sertifikatlı toxumlar əkməklə gələcəkdə fermerlər yüksək məhsulun əldə olunmasına çalışır. Artıq əkilən taxıl sahələri Elektron Kənd Təsərrüfatı Sistemində taxıl bəyanında elan olunub. EKTİS-də bəyan olunma odur ki, təsərrüfatla məşğul olan şəxslər dekabr ayının sonundan subsidiyanı almağa başlayacaq. Eləcə də, pambıq becərən təsərrüfat rəhbərlərindən kimin sənədi elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçibsə, həmin şəxslər dekabrın 15-dən sonra Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı subsidiya vəsaitlərindən yararlana biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi bu il qarşıya məqsəd qoyub ki, dekabr ayının 20-dən sonra bəyan olunmuş taxılların subsidiyasi vaxtında köçürülsün. Təsərrüfatçılar fevralın axırı, mart ayının əvvəllərində öz taxıl sahəsini yemləmək üçün azot və digər tərkibli gübrələrlə təmin ediləcəklər. Bu isə məhsuldarlığın yüksək olması üçün bünövrənin əsasıdır.
– Pambıçılıq və digər təsərrüfat sahələrinin inkişafına su qıtlığı nə kimi təsir göstərir?
– Bildiyiniz kimi rayonda əkilən pambıq sahələrinin 2000 hektara yaxını Qaradolaq ərazisindədir. Kəbirli, Aran, Yeni Qaradolaq, Qaradolaq, Mehrablı, Avşar, Salmanbəyli və Xocavənd kəndinin bir hissəsi Xan Qızı kanalı ilə suvarılır. Həmin kanalda su bu il fasilələrlə verildiyi üçün pambığın suvarılma suyu ilə təmin olunmasında ciddi çətinliklər yaranıb. Suvarılma ilə yaxşı təmin olunmuş Hacıbədəlli kəndində hər hektardan fermerlər orta hesabla 40 sentner məhsul əldə edib. Qaradolaq kəndində hər il 600 hektardan artıq sahədə pambıq becərilir. Cari ildə sözügedən kənddə hər hektardan məhsuldarlığı 23,3 sentnerə çatdıra biliblər. Eləcə də, onunla qonşu olan Mehrablı kəndində 26 sentner, Aran kəndində 23 sentner, Yeni Qaradolaq kəndində 30 sentner civarında pambıq əldə olunub. Halbuki sözügedən kəndlərdə pambıq becərilməsi zamanı suvarılmada müəyyən çətinliklər yaranmasaydı, məhsuldarlıq daha yaxşı olardı. Rayonun Pərioğullar, Təzəkənd, Qaravəlli, Qiyaməddinli, Gələbədin kəndlərində bostan-tərəvəz bitkilərinə üstünlük verildiyi halda, Qaradolaq kəndində pambıqçılığa üstünlük verilib. Bu isə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır.
– Rayondakı emal müəssisələri haqqında nə deyə bilərsiniz?
– Pambıqçılıq sahəsinin inkişafına dair əvvəldə qeyd etdiyim kimi dövlət başçısının 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə Dövlət Proqramı qəbul olunub. Bununla əlaqədar olaraq, rayonda fəaliyyət göstərən iki emal müəssisəsi yenidən qurulub. Bunun nəticəsində hər iki yığım məntəqəsi olan “Azərpambıq ASK” MMC-də, ”MKT İK Kommersiya” MMC-nin Ağcabədi filialında da sutkalıq qəbuletmə gücü 180-200 tona çatdırılıb. Bu il “P-Agro” MMC-də pambığın hektarı artırılıb.Bundan başqa yeni ildə təzə bir emal müəssisəsi tikilib, istifadəyə veriləcək. Əlavə bir yığım məntəqəsinin tikilməsi pambıq istehsalının artmasına öz töhfəsini verməklə yanaşı, işsizliyin aradan qaldırılmasına da müsbət təsir göstərəcək.
– Bu inkişaf gələcəkdə təkcə pambıqçılıqda gözlənir, yoxsa təsərrüfatın başqa sahələrində də olacaq?
– Gələn il pambıqçılıqla yanaşı, taxılçılığın da inkişaf edəcəyi gözlənilir. Çünki taxılda pambığa nisbətən suvarılmaya tələbat o dərəcədə çox deyil. İlin yağmurlu keçməsi, adətən bitiş suyuna, mart ayında taxılı sulamaqla suvarılma suyu ilə lazım olan məqsədə nail ola bilirik.Hesab edirəm ki, taxıl əkmək üçün sahələrin artırılması fermerlərin maraq dairəsindədir. Bundan əlavə, əhalinin ərzağa olan tələbatının ödənməsi üçün heyvandarlıq məhsullarının inkişaf etdirilməsinə də ehtiyac vardır. Bu istiqamətdə işlər davam etdirilir. Ümid edirəm ki, rayonumuzun təsərrüfatçıları hər il olduğu kimi, gələcək işlərdə də qarşıya qoyduqları vəzifələrin öhdəsindən uğurla gələrək, lazımi hədəflərə nail olacaqlar.
Söhbətləşdi: Hüseyn Quluzadə