Hər kəs xoşbəxt və sağlam həyat yaşamağı arzulayır. Ancaq bu istəklərdən məhrum olanlar – fiziki məhdudiyyətli şəxslər var. Bəzi məhdudiyyətlər bu insanların özlərini düzgün ifadə edə bilməməsinə gətirib çıxarır. Hətta insanlar bəzən məhdudiyyətli birini gördükdə “Allah heç kimi övladı ilə sınamasın”, “Bizdən uzaq” və s. cümlələr işlədirlər. Belə davranış onların cəmiyyətdən uzaqlaşmasına, özlərinə qapanmasına səbəb olur.
Bu yaxınlarda fiziki məhdudiyyətli bir şəxsin yazısında “Bu insanların mərhəmətə deyil, doğru yanaşmaya ehtiyacı var” cümləsini oxudum. Deməli cəmiyyətimiz fiziki məhdudiyyətləri qüsur olaraq görür və birmənalı qarşılamır.
Əlillik elə bir haldır ki, insanda qəza, xəstəlik, yaxud yaşlılıq səbəbi ilə müəyyən məhdudiyyətlər yarana bilər. Belə insanlar arasında incəsənətə, sənətkarlığa meyilli olanlar da az deyil. Bu şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək, onların hüquqlarını qorumaq məqsədi ilə 1992-ci ildə BMT Baş Məclisi tərəfindən dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib.
Dövlətimiz bu təbəqəyə daxil olan insanlara dəstək olmaq üçün beynəlxalq konvensiyalara qoşulur, layihələr hazırlanır, tədbirlər görülür. Buna misal olaraq, Azərbaycanın BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmasını qeyd edə bilərik. Bundan əlavə ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Azərbaycanın baş qanunverici sənədi olan Konstitusiyada da əlilliyi olan şəxslər haqqında qeyd var. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən, açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Onu da vurğulayaq ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəliyindədir. Belə insanları hər cür qayğı və diqqətlə əhatə edən Heydər Əliyev Fondunun adını da xüsusi qeyd etmək lazımdır. Artıq bölgələrdə fiziki məhdudiyyətli şəxslər üçün dərnəklər, inklüziv təhsil və qayğı mərkəzləri yaradılıb.
Ağcabədidə də belə mərkəzlər fəaliyyət göstərir.
“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”
2013-cü ildə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin nəzdində fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi təhsil və uşaq inkişafı istiqamətində mütəxəssislərin, ailələrlə sosial işin və hüquqi yardımların təşkili istiqamətində layihələrin hazırlanması, baxımsız sosial təhlükəli vəziyyətdə yaşayan, əlilliyi və inkişaf geriliyi olan uşaqlara psixoloji, pedaqoji, sosial reabilitasiya xidmətlərinin göstərilməsidir. Fəaliyyətə başladığı gündən mərkəz tərəfindən 3 mindən çox uşağa və ailələrinə müxtəlif xidmətlər göstərilmişdir. Burada inklüziv strategiya əsaslı bir çox dərnəklər, əlilliyi olan uşaqları təhsilə cəlb etmək üçün məktəbəqədər qruplar fəaliyyət göstərir. Mərkəz tərəfindən uşaqlar üçün pulsuz müayinələr, müalicələr həyata keçirilir, müxtəlif avadanlıqlarla təmin olunur, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində evlər tikilir və təmir edilir. Uşaqların cəmiyyətə adaptasiyasını həyata keçirmək məqsədilə tədbirlər, konfranslar və dəyirmi masalar təşkil olunur.
Ağcabədi Günərzi Qayğı Mərkəzi
2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət sifarişi əsasında “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində yaradılıb.
Mərkəzin əsas məqsədi uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirləri həyata keçirmək, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarını təmin etmək, çətin həyat şəraitində olan ailələrə dəstək göstərərək, uşaqların müəssisələrə yerləşdirilmə hallarının qarşısını almaqdan ibarətdir. Mərkəzə qəbul olunan hər bir uşağın himayədarları ilə müqavilə bağlanır. Burada əvvəlcədən uşağın rifah halının qiymətləndirilməsi, onun inkişafı, ehtiyacları öhdəlik olaraq tərəflər arasında bölünür və razılaşdırılır.
Qeyd edək ki, 2022-ci il fəaliyyət dövründə 30 uşaq və ailəyə xidmət göstərilib. Bu müddət ərzində 3-12 yaşlı uşaqların mərkəzə qəbulu onların valideynlərinin (və ya qanuni nümayəndələrinin) ərizəsi əsasında həyata keçirilib.
Uşaqlar bizim gələcəyimizdir. Onlara diqqət hər birimizin borcudur. Fiziki məhdudiyyəti olan balacalarımızın da özlərinə qapanmaması, digər həmyaşıdlarına qaynayıb-qarışması, özlərini təqdim edə bilməsi üçün hər birimiz çalışmalıyıq. Bu balacaların geniş və saf dünyasını aşkarlamalı, istedadlarını üzə çıxarmalıyıq.
Rəmziyyə HƏSƏNOVA