Fermer Əmək ordeninə layiq görülüb


Zəhmət adamlarının əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli Sərəncamı ilə bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinin lll dərəcəli Əmək ordeni ilə təltif olunması bu baxımdan diqqəti çəkir. Sevindirici haldır ki, əslən Xocavənd rayonundan olan Ağcabədidə pambıqçılıq üzrə fermer təsərrüfatına başçılıq edən Famil Quliyev də onların sırasındadır.
Famil Seymur oğlu Quliyev 1964-cü ildə Xocavənd rayonunun Əmirallar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra o, adıçəkilən rayondakı texniki peşə məktəbində təhsil alıb, traktorçu-maşinist, çilingər ixtisaslarına yiyələnib. Sovet ordusu sıralarında hərbi xidməti başa vuran bacarıqlı gənc Əmirallar kəndində üzümçülük üzrə xüsusi kurs keçib. O, burada fəaliyyət göstərən üzümçülük kolxozunda əmək fəaliyyətinə başlayıb. Kolxozda müxtəlif təsərrüfat sahələrində çalışıb, Şuşa rayon avtobazasında sürücü işləyib.
Erməni qəsbkarları tərəfindən Qarabağ torpaqları, o cümlədən Xocavənd rayonu işğal olunduqdan sonra digər soydaşlarımız kimi Familin ailəsi də el-obadan didərgin salınıb, Ağcabədiyə pənah gətirib. Ailə üzvləri həmin vaxt ağcabədililər tərəfindən hər cür qayğı ilə əhatə olunub.
F.Quliyev bölgə ərazisində sürücülük fəaliyyətini davam etdirərək, ailəsinin dolanışığını təmin edib. Çox keçmədən onu kənd təsərrüfatı işləri özünə cəlb edib. Odur ki, Ağcabədi şəhəri ərazisində fəaliyyət göstərən təsərrüfatlarda pambıqçılıqla məşğul olub. Öz keçmiş təcrübəsindən yararlanan bu zəhmətkeş insan pambıqçılığın sirlərini dərindən mənimsəyib. O, 2010-cu ildən müstəqil fermer kimi pambıq yetişdirmək qərarına gəlib, özünə məxsus torpaq sahələrində bu gəlirli təsərrüfat sahəsini inkişaf etdirməyə nail olub. Fədakar fermer tarlalarda bol məhsul yetişdirməklə hər il uğurlara imza atıb. Təsadüfi deyildir ki, qısa müddət ərzində o, Ağcabədidə qabaqcıl təsərrüfat başçılarından biri kimi tanınıb, nüfuz və hörmət qazanıb.
Təkcə ötən il fermer təsərrüfatında önəmli nəticələr əldə olunub. Görülmüş yüksək aqrotexniki tədbirlər sayəsində 95 hektar əkin sahəsindən 450 ton 727 kiloqram pambıq tədarük olunub, hər hektardan 46,7 sentner məhsul götürülüb.
Fermer cari təsərrüfat ilində də uğur qazanıb. O, icarəyə götürdüyü torpaqla birlikdə 120 hektardan ibarət əkin sahəsindən 545 ton 287 kiloqram “ağ qızıl” istehsal edib. Hər hektardan məhsuldarlıq 45,4 sentner təşkil edib. Pambıq yığımında maşınların gücündən istifadə olunub.
Bu nailiyyətlərin əldə olunmasında F.Quliyevlə yanaşı, onun 4 övladının da böyük əməyi olub. Onlar mövsüm ərzində becərmə işlərində, məhsul tədarükündə atalarına yaxından köməkliklər göstəriblər.
Təsərrüfat başçısını torpaqlarımızın erməni işğalından azad olunması çox sevindirib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun mənfur düşmən üzrəində parlaq tarixi qələbəsindən qürur duyub, iftixar hissi keçirib.
Famil Quliyev əməyinə verdiyi yüksək qiymətə görə, dövlətimizin başçısına təşəkkürünü və minnətdarlığını bildirir. Özünün dediyi kimi, bu yüksək qiymət onu daha da ruhlandırır, gələcək nailiyyətlərə səfərbər edir.


Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləYeni toplu nəşr olunub
Növbəti məqalədəBir məqalə haqqında qeydlərim

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com