İdmanda böyük nəticələr güclü və fasiləsiz hazırlıq tələb edir. Geridə qoyduğumuz 2022- ci ildə də idmançılarımız istər kütləvi, istərsə də fərdi idman növlərində uğur qazanaraq Azərbaycanı bir daha idman ölkəsi olaraq tanıtdılar.
“Onlar bizim sabahımızdır” rubrikasında ilk olaraq balaca cüssəli, böyük ürəkləri ilə qazanılan uğurlarda payı olan bir neçə ağcabədili idmançımız haqqında məlumatlar yer alıb.
Nəimi Ağayev 2013-cü ildə Ağcabədi rayonunda anadan olub. Hazırda M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin 4-cü sinifində oxuyur. Balaca qəhrəmanımız idmanın şahmat və güləş növləri ilə məşğuldur. Baxmayaraq ki, Nəimi güləş idman növü ilə çox qısa müddətdir məşğuldur, özünəməxsus uğurları var. Ağcabədi İdman Olimpiya kompleksinin 8 noyabr Zəfər gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə açıq birinciliyində III yeri tutaraq ilk uğurunu qazanan balaca idmançı bu yaxınlarda Gəncə şəhərində təşkil olunmuş yeniyetmə və kiçik yaşlılar arasında güləş üzrə keçirilən açıq birincilik yarışında da iştirak edib və I yerə layiq görülüb. O, yarışlarda əldə etdiyi uğurlara, göstərdiyi fəalllıqlara görə fəxri fəman və diplomlarla təltif olunub.
Sübhan Mamedov 7 sentyabr 2006-cı ildə Ağcabədidə anadan olub. Hal-hazırda şəhər 1 saylı tam orta məktəbinin 11-ci sinfində təhsil alır. Sübhan lap kiçik yaşlarından idmanın boks, kikboksinq növü ilə məşğul olub. Beynəlxalq və ölkə səviyyəli yarışlarda uğurlar əldə edib. Bir müddət əvvəl İtaliyda kikboksinq üzrə uşaqlar, yeniyetmələr və gənclər üçün keçirilən dünya birinciliyində iştirak edərək çempion adını qazanıb.
Sübhan 6-9 dekabr tarixilərində Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında təşkil edilən respublika kubokunun da qalibi olub.
Qeyd edək ki, sözügedən yarış milli komandanın tərkib heyətini seçmək üçün keçirilib.
İsfəndiyar Cəfərov 18 sentyabr 2009-cu ildə Ağcabədidə anadan olub. M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbinin 8-ci sinfində təhsil alır. O, 6 ildir ki, idmanın qaydasız döyüş növü ilə məşğuldur. İştirak etdiyi yarışlarda dəfələrlə 1-ci yer tutaraq, fəxri fərman və diplomlarla təltif olunub.
Xatırladaq ki, balaca idmançımız dekabr ayının 17-də Bakıda Heydər Əliyev adına Sarayda MMA üzrə keçirilmiş yarışın da qalib olub.
Elmir Cəfərov 21 mart 2011-ci ildə Ağcabədidə anadan olub. M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbinin 6-cı sinfində təhsil alır. O da idmanın qaydasız döyüş növünə maraq göstərib.
Qatıldığı yarışlarda yüksək nəticələr göstərərək qalib olub. Dekabrın 17-də Bakıda Heydər Əliyev adına Sarayda MMA üzrə keçirilmiş yarışda iştirak edərək, qardaşı İsfəndiyar kimi birincilik qazanıb və qara kəmərə sahib olub.
Namiq Mamedov 2010-cu ildə anadan olub. O, Ağcabədi şəhər 5 saylı tam orta məktəbinin 7-ci sinifində oxuyur. Dərs əlaçısı olan bu oğlan yaşının az olmasına baxmayaraq, idmanın taekvondo növünə xüsusi maraq göstərib. Namiqdə bu həvəsi dayısı, taekvondo idman növü üzrə Avropa çempionu Kənan Məmmədov yaradıb.
İstedadlı yeniyetmə 2020-ci ildən “Rizvan taekvondo” idman məktəbinə cəlb olunub. O, sözügedən idman klubunun rəhbəri, taekvondo üzrə məşqçi-müəllim Cəlil Abdullayevin diqqətini çəkib. Cəlil müəllim onunla müntəzəm olaraq, məşğul olmağa başlayıb. Gərgin məşqlər müəyyən müddətdən sonra öz səmərəsini verib. Namiq bir çox yarışlarda uğurla çıxış etməyə başlayıb. Yeniyetmə idmançı ardıcıl olaraq, təşkil olunan mötəbər yarışlarda öz gücünü və bacarığını nümayiş etdirib.
N.Mamedov 2021-ci ildə yeniyetmələr arasında Silahlı Qüvvələr gününə həsr olunmuş turnirdə, Göyçay və Ağsu şəhərlərində keçirilən yoldaşlıq görüşlərində, həmçinin Sumqayıt şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş yarışda II-ci və Ağcabədi şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş yarışda I-ci yerə layiq görülüb. Cari ildə isə Ağsu şəhərində keçirilən, Müstəqillik Gününə həsr edilmiş turnirdə I yeri qazanıb. Bu nəticələr balaca idmançının gələcəyindən xəbər verir.
Namiq fərdi məşqlərinə məsuliyyətlə yanaşır, müəlliminin öyrətdiklərini dərindən mənimsəyə səy göstərir. 19-23 dekabr tarixlərində Bakı şəhərində respublika çempionatı keçiriləcək. Sözügedən yarışın iştirakçısı olan balaca idmançımızın böyük uğurlar qazanaçağına inanırıq.
Rubrikamızın bugünkü qonağı olan bütün idmançılarımıza uğurlar arzu edirik. Qalibiyyətləri daimi olsun. Bayağımızı hər zaman yüksəklərə qaldırsınlar.
Bəli, onlar bizim sabahımızdır. Siz də uşaq, yeniyetmə və gənclərimizin uğurlarının qəzetimizdə işıqlandırılmasını, təhsil, idman, musiqi və digər sahələrdə əldə etdikləri nailiyyətlərin üzə çıxarılmasını istəyirsinizsə, bizimlə əlaqə saxlayın, rubrikamızın növbəti buraxılışlarında onların da tanıdılmasında vasitəçi olun.
Rəmziyyə HƏSƏNOVA
Hüseyn QULUZADƏ