Bugünlərdə AYB Qarabağ bölməsinin təsis ediyi “Qarabağ kitabxanası” seriyasından növbəti bir kitab çap olundu. Qeyd edim ki, “Qarabağ kitabxanası” layihəsinin rəhbəri AYB Qarabağ bölməsinin sədri Elçin İsgəndərzadədir. Həmyerlimiz, “Ələk”ədəbi məclisinin üzvü Vəli Qurbanoğlunun şeirləri illərdir yığılıb hazır olsa da, müəyyən səbəblərdən çap olunmamışdı. Lakin sözügedən layihə əsasında o, ilk kitabının sevincini yaşadı. “Burdan o yanadır yolun çətini” adlı şeirlər kitabı işıq üzü gördü. Kitabın redaktoru AYB-in üzvü Gündüz Sevindik, ön sözün müəllifi isə mənəm. Məni niyə vurğuladım? Çünki yeni çap olunmuş kitab haqqında yazmaq istəyərkən hiss etdim ki, demək istədiklərimi elə ön sözdə də vurğulamışam. Odur ki, Vəli Qurbanoğlunun kitabı üçün yazdığım fikirlərimi sizlərlə də bölüşmək, həmçinin onu ilk kitabının çap olunması münasibətilə təbrik etmək istədim.
* * *
İllərdir Ağcabədinin Aran kəndində bir eşq iməkləyib, böyüyüb, qocalıb… Kimsənin xəbəri olmadan. Kimsəni narahat etmədən.
Vaxt çatır, o eşqin sahibi sinəsindəki böyüklüyü başqaları ilə paylaşmaq qərarına gəlir. Bir gün şeirlərini də qoluna vurub gəlir Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinə… Etiraf edim ki, o zaman yeni yaratdığımız məclisdə yaşlı nəslə qarşı bir ögeylik var idi içimdə. Dağdan, dərədən, turacdan, qırqovuldan yazan şairlərin orada olmasını istəmirdik. Rayonun ədəbi mühitinə yenilik, müasirlik lazım idi. Doymuşduq kabab qoxulu, “maya əndamlı”, eyniobrazlı, eyniruhlu şeirlərdən… Həmin gün Vəli Qurbanoğlu və yaşlı nəslin digər nümayəndələrini gözdən keçirdikcə qanım qaraldı. Axı biz yalnız gənclərin gəlişini istəyirdik…
Çox şeirlər oxundu o ilk məclisdə. Yorucu, cansıxıcı, uzun-uzun şeirlər. Növbə Vəli Qurbanoğluna çatdı. Bal kimi misralar süzüldü dodağından. Doğrusu təəccübləndik. Bu yaşda bu ürək? Sonrakı məclislərdə təkrar-təkrar şeir istədilər ondan. Bu artıq adətə çevrildi. Biz bir şeir oxuyanda ondan 3 şeir istənilirdi. Məclisdə mübahisə, gərginlik yarananda onun “şirin” şeirləri əhvalımızı dəyişirdi. Üzündən ismət, abır tökülən Vəli Qurbanoğlu eşqini də o ismətinə büküb gizlədibmiş illər boyu. Hər dəfə məclisdə şeirlərini dinlədikcə həm də anlayırdıq ki, nakam sevgi onu ruhdan salmayıb. Əksinə böyüdüb. Bu sadə, təvazökar insan bizim üçün o qədər doğmalaşdı ki, zaman keçdikcə ona Vəli əmi deyə müraciət etməyə başladıq.
“Ən ülvi sevgilər yarıda ölür” deyən şair bu yarımlıqdan qırılmır, sınmır. İşıq var onun içində və yarımçıq, nakam sevgidən qazandığı tamlığı, bütövlüyü, işığı yaşatmağı və ətrafına səpməyi bacarır:
Gecələr heç kimi sevə bilmərəm,
Orda bir sabahın nuru olmasa…
– deyir şair!
Onun qəlbində kök atmış sevgisi ilə yanaşı, öz qadınına olan münasibətini şeirlərdən oxuyarkən oxucunun müəllifə rəğbəti daha da artır. Bəlkə də o, heç vaxt xoşbəxt hiss etməyib özünü. Qəlbində biri yaşayırkən ömrünü bir başqası ilə paylaşmaq əslində çox zordur. Amma Vəli Qurbanoğlu ömür dostunu, ömür yoldaşını da ülvi eşq səviyyəsinə qaldıra bilir:
Açılmır dünyanın sirri sinəmdə,
Qövr edir həsrətin yeri sinəmdə,
Bir çiçək çəməndə, biri sinəmdə,
Biri istəyimdir, biri qismətim.
Yaxud ömür yoldaşına yazdığı bir etirafda sevdiyi qadınla onu eyniləşdirməyə çalışır. Hər iki qadının taleyi, həyatı onun üçün dəyərlidir. Hər iki qadının sevincini də, ağrısını da anlayır, duyur, hiss edir və eyni qayğı ilə yanaşmağa çalışır:
Səsim səsindədir, adım dilində,
Yananda təşnəydi, oda gəlirdi.
Bəlkə də bilirsən, gəlin gələndə,
Sən gələn maşında o da gəlirdi…
və ya
Bu ki, ağrı deyil gizlənə canda,
Şəkliniz həmişə yan-yana durdu.
Sən doğum evində oğul doğanda,
O, səssiz otaqda şeir doğurdu…
Vəli Qurbanoğlunun fərqli mövzularda və həm də xüsusi vurğulanacaq poetik misraları var. Amma nədənsə şeirlərini oxuyarkən onun məhz qadına olan şair münasibəti mənim diqqətimi çəkdi. Etiraf edək ki, Azərbaycan ədəbiyyatında çox az sayda, bəlkə də barmaqla sayılacaq qədər şair öz şeirlərində qadına böyük dəyər verir. Əksər müəlliflər qadını vəfasız, nankor, dünya malına həris, şöhrətə boyun əyən kimi dəyərləndirirlər. Uğursuz sevgilərinin səbəbkarı kimi qadını görürlər. Bütün acıqlarını, nifrətlərini, daha dəqiq desək, “şair hikkələrini” onun üstünə tökürlər. Bütün günahları düyünləyib qadının boynuna atırlar. Bu da lap qədimdən – rəvayətlərdən, əfsanələrdən gələn bir bədii təbliğatın təsiridir ki, bu gün də çoxları o təsirdən çıxa bilmir. Vəli Qurbanoğlu isə “Sənin süpürdüyün ev də müqəddəs” deyərək qadını ucaldır, müqəddəsləşdirir.
“Qadın nədir, şeir nədir”, “Qadınsan, get xəmirini yoğur, evini süpür” kimi aşağılayıcı ifadələr işlədir bəzi özündənrazı kişi şairlər. Vəli Qurbanoğlu da deyir həmin sözləri. Amma qadını incitmədən… Əksinə…
Daşın ayaq altda oyulmağı var,
Başın kötük üstə qoyulmağı var,
Bunun diri-diri soyulmağı var,
Qıymıram qadınlar şeir yazalar.
Həlim, mərhəmətli, duyğusal, kövrək şair hər zaman ümidlidir. Hər zaman nikbindir. Qocalığı da sevgi ilə yaşaya bilir:
Ürəyimdə gül bitir, başım qırovsa, qarsa,
Söylə, neyləyə billəm, dünya bu qədər darsa…
Hər addımda bir ölüm, hər yaşda sevgi varsa,
Ta niyə ağlayırsan?
Ölümü də sakitcə qarşılaya bilir:
Ömrün keşiyində arzular durur,
Həyat doğrudanmı gözəldir bizə?!
Gör necə həvəslə naxışın vurur,
Ustalar baş daşı düzəldir bizə…
Sən də deyirsən ki, yaşayaq hələ.
Amma yaşamaq lazımdır, Vəli əmi! Hələ yazılmamış misralarınız, pıçıldamadığınız ürək sözləriniz var. Eşqlə dolu… Yeni şeirlərinizi, yeni kitablarınızı oxumaq arzusu ilə!
Məhsəti MUSA