Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

 Ağcabədidə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. 

  Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”, “Güvən Xeyriyyə” İctimai Birliyi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində 100-dən çox uşaq iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, bu ilki həmrəylik bayramı, sözün həqiqi mənasında, Azərbaycan xalqının həmrəyliyinin simvoluna çevrilib. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi xalqımıza ən böyük qürur hissi yaşatdı.

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, 31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Ölkə Prezidentimiz İlham Əliyevin milli maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycanın başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf etdiyini, ölkəmizin siyasi gücünün və iqtisadi potensialının gündən-günə artdığını, dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza qüdrətli dövlətimiz tərəfindən verilən dəstəyin davam etdirildiyini bildirib. 

Tədbirdə “Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı, ADPU Ağcabədi filialının direktoru Mobil Məcidov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin rəis müavini Faiq Vahabov çıcış edərək uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Ağcabədi Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin, Ağcabədi şəhər 1 və 5 saylı tam orta məktəblərin, 2 saylı körpələr evi-uşaq bağçasının şagirdlərinin ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.

Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb. 

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com