Biz reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik – Prezident İlham Əliyev

Prezident İlham Əliyev  yanvarın 10-da  yerli televiziya kanallarına müsahibə verib.

Ölkə başçısı müsahibə zamanı Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlardan danışıb.

İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.

Dövlət başçısı digər dövlətlər arasında ölkəmizin etibarlı və ciddi tərəfdaş kimi tanındığını qeyd edərək, bildirib ki,  Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.

Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır.

Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir.

Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib.

İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər.

İnflyasiyabu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir.

Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın.

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir.

Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.

Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib.

Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini daha da artırmışdır. Bu sahəyə uzun illərdir böyük vəsait qoyulur. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.

Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. İndiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.

Orta Dəhliz istiqamətdə ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq.

Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.

Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq.

Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün.

Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə – Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. Burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var – həm ölkə daxilində, həm xaricdə. Bu səbəbdən də çox geniş proqram hazırlanır.

Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.

Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub.

Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.  2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü hasilata investisiya qoyulması zəruridir. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla qapalı məkanda qalacağıq.

Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.

Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər.

Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.

TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da hamısını indi Azərbaycan qazı ilə təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır.

 Azərbaycanın orta hesabla ixrac imkanları təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri – iki layihə artıq reallaşır, biri günəş, biri külək elektrik stansiyası, üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur,  bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.

Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir,  onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan – “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik.

Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.

Ermənistan silaha əbəs yerə vəsait xərcləyir. Çünki birincisi, bu onlara kömək etməyəcək, ikincisi revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. Əfsuslar olsun ki, Hindistan Ermənistana silah verməyə hazırlaşır. Bu qeyri-dost addımı kimi qiymətləndirilməlidir.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır.

Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan və Qarabağda yuva salmış separatçılar üçün. Son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.

İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.

Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir.

Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizin sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq.

Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır.

Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir.

Laçın şəhərinin azad olunması tarixi hadisədir. Laçın bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdur. Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. İndi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq.

Anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər. Ulu öndər Heydər Əliyev Fransanın Minsk qrupunun həmsədr olmasına dəfələrlə etiraz edirdi. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik.

Müharibə zamanı Fransa BMT-də bizə qarşı bir təşəbbüsə əl atdı. Alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldılar. Onların bütün digər cəhdləri də uğursuzluğa düçar oldu.

Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.

Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar.

Cari ildə çox məsələlərə aydınlıq gətiriləcək. İlin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək.

Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.

Təhlükəsizlik məsələləri ciddi nəzərə alınmalıdır. Əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi.

İnfrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq.

Müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.

Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında 10 milyonluq investisiya layihələri təsdiqləndi. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.

İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb.

Xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.

Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır. Ona görə bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır.

Erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda – həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür. Bu təsisatda elə ölkələr var ki, bir-biri ilə əzəli dost deyillər. Amma Azərbaycanı iki dəfə yekdil fikirlə dəstəklədilər – həm seçiləndə, həm də ki, sədrlik müddətimiz uzadılanda.

Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük dəqiq müəyyən etməliyik.

Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.

Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər