Tahir Quliyev: “Peşəkar həkim, cərrah üçün insanlıq ən vacib olan xüsusiyyətdir”

Quliyev Tahir Teymur oğlu 1969-cu ildə Ağcabədidə anadan olub. O, 1986-cı ildə şəhər 1 saylı tam orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. T. Quliyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 1990-1996-cı illərdə Saratov Dövlət Tibb Universitetində ali təhsil alıb. Həmyerlimiz 1996-cı ildən isə təyinatla Rusiya Federasiyasının Tambov vilayətinə göndərilib və 1997-ci ildən bu günədək cərrah olaraq fəaliyyət göstərir.

– Həkimlik sənətinin nə qədər çətin və məsuliyyətli bir peşə olduğunu hamımız bilirik. Sizcə peşəkar həkim, cərrah necə olmalıdır?

– Düşünürəm ki, peşəkar həkim, cərrah üçün insanlıq ən vacib olan xüsusiyyətdir. Biz həkimlər insanlara bizdən gözlədikləri münasibəti göstərməliyik. Çünki onlar hər zaman həkimlərdən kömək gözləyir, bu köməyi ilə əsirgəməməliyik. Sualınıza gəldikdə isə peşəkar olmaq üçün çoxlu işləmək, mütəmadi olaraq oxumaq, mütaliə etmək lazımdır. Böyük şəhərlərdə, paytaxt yerlərdə əməliyyatların yeni aparılma texnikasını öyrənmək də faydalıdır.

– Bəzi insanlarda elə fikir formalaşıb ki, peşəkar olmaq üçün mütləq xaricdə təhsil lazımdır. Xaricdə təhsil alanlara daha çox güvənirlər, inanırlar. Bu nə ilə əlaqədardır ?

– Fikrimcə, Azərbaycanda, yaxud xarici ölkələrin birində təhsil alanlar arasında heç bir fərq yoxdur. Fərq yaratmaq həkimin özündən asılıdır. Nəzəri və praktik bilikləri yadda saxlamaq, öyrəndiklərini tətbiq etmək, yeniliklər yaratmaq insanın özünə xasdır. Amma, mütləq şəkildə ildə heç olmasa 1 dəfə xarici ölkələrdə keçirilən konqreslərdə, seminarlarda iştirak etmək lazımdır. Niyəsini də qeyd edim. Çünki həmin konqreslərdə bizlər apardığımız cərrahi əməliyyatların hər bir detalını bölüşür, fikir mübadiləsi aparırıq. Belə deyim, hər həkimin özünəməxsus texnikası var. Təəssüflər olsun ki, bir neçə müddətdir koronovirus pandemiyası üzündən bu seminarlar keçirilmir.

– Müəyyən vaxtlarda Azərbaycana gəlib, burada xəstə qəbul etmək, əməliyyatlarda olmaq barədə düşünmüsünüz?

– Bəzi vaxtlarda belə fikrim olub. Ancaq bu çətin bir prosesdir. Əsas çətinliklərdən biri vaxtdır. Çünki 1 ay məzuniyyət verilir. Həmin vaxt isə Vətənə gəlib qohumlar, yaxınlarla ünsiyyətdə olmağa güclə yetir. Xəstələrə xidmət etmək məsuliyyət tələb edir. Bu qısa vaxta hər şeyi sığdırmaq çətin olur. Amma bu müddətdə kömək istəyənlərə bacardığım qədər məsləhətlər verirəm. Digər tərəfdən hüquqi şəkildə də bu proses tənzimlənməlidir. Bütün bunlar üçün isə Azərbaycanda yaşamaq lazımdır. Ancaq Tambovda yaşayan həmvətənlərimiz var ki, onlara hər zaman dəstək oluruq.

– Bildiyimiz kimi, son dövrlərdə xəstəliklər və onlara cərrahi müdaxilələr artıb. Xəstəliklərin çox yayılmasında səbəb nələrdir?

– Xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Əvvəla, yer üzündə insanların sayı ildən-ilə artır. Daha sonra idamanla məşğul olmamaq, piyada gəzintilərə üstünlük verməmək, ekologiya problemi, qidaların keyfiyyəti məsələsini və s. qeyd edə bilərik. Hətta bəzən elə insanlar olur ki, “5 il yaşayacam, amma insan kimi yaşayacam” deyirlər. Yəni günlük qida rejimi və digər hallara önəm vermirlər. Məsələnin digər tərəfi isə xəstəliklərin genetik olaraq keçməsidir. Ancaq bütün bunlara baxmayaraq, səhiyyə sahəsi inkişaf etdikcə, yeni növ dərmanlar kəşf edildikcə xəstəliklərin müalicəsi asanlaşır.

– Ən çox davam edən əməliyyatınız nə qədər müddət çəkib?

– Uzun müddət davam edən əməliyyat təxminən 4 saat, 4 saat yarım olub. Nə qədər uzun müddətli əməliyyatlar olsa, o qədər yorulursan və əvəzedici həkimlərlə növbə dəyişirsən.

– Tahir həkim, vaxt ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirik.

– Xoşdur.

Söhbətləşdi: Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləXoşbəxtliyin rəngi
Növbəti məqalədə17 yanvar 2023, № 4

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər