Xəbər verdiyimiz kimi, Ağcabədidə “Heydər Əliyev İli” çərçivəsində silsilə dəyirmi masalar təşkil olunur. Növbəti belə dəyirmi masalardan biri də yanvarın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatıçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda keçirilib. YAP rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə təşkil olunan tədbirdə sözügedən qurumların əməkdaşları iştirak ediblər.
YAP Ağcabədi rayon təşkilatının binasında keçirilən tədbirdə əvvəlcə ümummili liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən təşkilatın sədr müavini Nazim Bünyatov ulu öndərin xalqımız qarşısındakı xidmətlərindən danışıb və 2023-cü ilin ”Heydər Əliyev İli” elan edilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. N. Bünyatov onu da bildirib ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun nəticəsində ölkənin siyasi tarixində yeni mərhələnin açılması Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Bildirilib ki, həyata keçirilən islahatlar, görülən tədbirlərlə respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olunub. Natiq eyni zamanda ilk dəfə 20 Yanvar faciəsinə də Heydər Əliyevin təşəbbüsü ilə siyasi müstəvidə qiymət verildiyini də diqqətə çatdırıb.
Sonra Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonra çıxış edən Ağcabədi RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhin Hüseynov ulu öndərin tarix yaradan şəxsiyyət olmaqla yanaşı həm də tarixi hadisələrə düzgün qiymət verdiyini qeyd ediblər. Bildirilib ki, dahi lider hər şeydən əvvəl 20 Yanvar faciəsini Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb.




Rəmziyyə HƏSƏNOVA