19 yanvar 2023-cü il tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə ”20 Yanvar – Müstəqilliyə aparan tarix” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan 20 yanvar hadisələrinin canlı şahidi olmuş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov 20 Yanvar Faciəsi haqqında gənclərə ətraflı məlumat verib. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciəyə siyasi qiymətin verildiyini vurğulayan Eldəniz Qənbərov bildirdi ki, o zaman yalnız ulu öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək, bəyanatla çıxış edib.
Sonra şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə və başqaları çıxış edərək bildiriblər ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixində parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıb. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür.



“Aran”