Dəyirmi masa keçirilib

18 yanvar  2023-cü il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon tarix-diyarşünaslıq muzeyinin inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Görüşdə rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsinin, ADPU-nun Ağcabədi filialının, pedaqoji kollecin, peşə məktəbinin, tarix-diyarşünaslıq muzeyinin, təhsil müəssisələrinin əməkdaşları, Qarabağ müharibəsi veteranları, tələbələr və mətbuat nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra anım iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən  Ağcabədi RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva əvvəlcə qonaqları salamlayıb. S. Niftalıyeva ulu öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə yaranan siyasi sabitlik barəsində iştirakçılara ətraflı məlumat verib.

Sonra ADPU-nun Ağcabədi filialının kafedra müdiri Tahir Kərimli , Qanlı Yanvar hadisəsi ilə bağlı geniş məruzə ilə çıxış edib. 2023-cü ilin  ulu öndər  Heydər Əliyevin ili olduğunu vurğulayan natiq  dahi rəhbərin hələ sovetlər dönəmində yüksək vəzifədə işlədiyi vaxtlarda da xalqına olan diqqət və qayğının heç zaman azalmadığını qonaqların diqqətinə çatdırıb. T.Kərimli  qeyd edib ki,  düşmənlərimiz  Heydər Əliyev  şəxsiyyətindən çəkinərək, hər zaman  öz yerlərini biliblər. O, bildirib ki,  ölkəmizdə bu tədbirin hər il qeyd olunması xalqımızın azadlıq və müstəqillik mübarizəsi yolunda sovet imperiyasının  törətdiyi cinayətləri bir daha xatırlatmaq və ulu öndərin bu cinayətləri dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə diqqəti yönləndirmək məqsədi daşıyır.  T.Kərimli onu da vurğulayıb ki,  19-20-nə keçən gecə həmin qanlı faciədə   azadlıq uğrunda çoxlu sayda şəhidlər verməyimizə baxmayaraq, düşmən   mübarizə əzmini  qıra bilmədi, milli ruhumuzu boğa bilmədi. Həmin dövrdə Heydər Əliyev bu  hadisəyə hüquqi, siyasi qiymət verilməsində,  dünya ictimaiyyətinə çatdırılmasında  öz cəsarətli addımını atdı. Nəticədə dünya ölkələrində cinayətkarların kimliyi bəlli oldu.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə sədri Əlizadə Nəcəfov  tarixi aspektdən yanaşaraq, XX əsrdə xalqımızın başına gələn müsibətləri, o cümlədən 20 Yanvar günü   baş verən  faciəli hadisəni və dahi liderimizin bu istiqamətdə gördüyü  işlər barədə anım iştirakçılarının diqqətinə çatdırıb. Əlizadə Nəcəfov  bu tədbirin təşkilinə görə öz təşəkkürünü bildirərək, qeyd edib ki, bizim milli-mənəvi dəyərlərimiz və anım günləri sırasında öz yeri olan  20 Yanvar hadisəsi tarixi mübarizəmizin  böyük səhifəsidir.

Çıxış edənlər  Ağcabədi Pedaqoji Kollecin şöbə müdiri, 2-ci Vətən müharibəsi veteranı Fuad İbrahimov, şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, rayonun Hacıbədəlli kənd tam orta məktəbinin direktoru Feyzulla Feyzullayev  hüzn günümüz olan- 20 Yanvar hadisəsi və unudulmaz rəhbər Heydər Əliyevin  bu faciənin tanınmasında gördüyü  işlər ilə bağlı  öz  fikir və xatirələrini bölüşüblər.  

                                                                                            Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər