20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Azərbaycan ilk şəhidlərini məhz həmin tarixdə verdi. O gündən şəhidlərin dəfn olunduğu Şəhidlər Xiyabanı and yerimizə çevrildi, həmin gündən etibarən Azərbaycanda hər sahədə o qanlı gecəni xatırladan işlərə start verildi. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir.
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də
var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının,
Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqqları Bəyannamə-
sinin, eləcə də insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. Bu hadisə milli məfkurəmizin oyanış günüdür. O qanlı tarix, eyni zamanda Azərbaycanın şanlı tarixidir. Çünki ölkəmiz məhz həmin gün öz kimliyini ortaya qoydu, tapdalanan haqqı uğrunda mübarizə apardı, övladları torpaq, millət, müstəqillik uğrunda özünü düşmən gülləsinə sipər etdi.
Başıbəlalı Vətənimiz üçün o günlər artıq çox geridə qalıb. Şəhidlərimizin qanı alındı,
Qarabağ torpaqlarının işğaldan azad olunması ölkəmizdə yeni dövrün başlanmasına
şərait yaratdı.
Rövşən ƏHMƏDOV
YAP Ağcabədi rayon təşkilatının sədri