1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində misli görünməmiş faciə baş verdi. Sovet rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırmaq üçün qanlı Yanvar qətliamını törətdi. Fövqəladə vəziyyət haqqında əhaliyə xəbərdarlıq edilmədən azadlıq mücadiləsinə qalxan Azərbaycan xalqının apardığı milli hərəkatı boğmaq məqsədi ilə rəsmi Moskva Azərbaycana göndərdiyi nizami ordu hissələrinin tərkibinə erməni əsilli hərbçiləri daxil etməklə amansız əməliyyatlar keçirdi. “Bakı əməliyyatı” adlanan bu qanlı hadisəyə SSRİ-nin güc strukturlarının rəhbərləri cəlb edilmişdi. Gecə saatlarında ağır texnikalarla dinc etiraz aksiya iştirakçıları güllə-boran edildi.
Qanlı Yanvar hadisələri təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, eləcə də ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.
Lakin bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra bilmədi. Faciənin ertəsi günü 100 minlərlə paytaxt sakini küçələrə çıxaraq həmrəylik nümayiş etdirdi, şəhidləri dərin hüznlə son mənzilə yola saldı. 20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, xalqın nifrətini qazandı.
Xalqın tökülən qanı Azərbaycan Xalq Cəbhəsinin başında duran rəhbərlərin iç üzünü ortaya qoydu. AXC-Müsavat cütlüyü hakimiyyəti dövründə 20 Yanvar hadisələrinə siyasi qiymət verə bilmədi. Hadisələrə siyasi qiymət hələ qanlı faciənin törədilməsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev ilk siyasi hüquqi qiymət verdi. O, Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verərək, Kreml rəhbərlərinin silahsız xalqa qarşı etdiyi qeyri-hüquqi, qeyri-humanist siyasəti kəskin tənqid edərək, onları günahlandırdı.
20 Yanvar hadisələrinə siyasi qiymət isə rəsmi qaydada 1994-cü ildə Milli Məclis tərəfindən qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında” qərarda öz əksini tapdı. Ulu öndər Heydər Əliyev tutarlı faktlarla 20 yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə bağlı həqiqətləri üzə çıxardı.
Zaman sübut etdi ki, 20 Yanvar faciəsi xalqın iradəsini qırmaq üçün atılan bir addım olsa da, Sovet imperiyası məqsədinə nail ola bilmədi. Xalq öz qəzəbini 30 il müddətində qəlbində saxladı, mübarizə əzmini daha da yüksəltdi.
Ümummili lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində itirilmiş torpaqlarımız geri qaytarıldı. Bu mübarizədə 3 mindən artıq şəhid verdik, minlərlə igidimiz qazi oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir. İndi Azərbaycan dünyada rəyi ilə hesablaşılan bir ölkəyə çevrilmişdir.
Bu gün inamla demək olar ki, şəhidlərimizin qanı yerdə qalmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və böyük inkişaf yoluna qədəm qoymuşdur.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının sədr müavini