Dünyada elə bir xalq yoxdur ki, öz tarixində faciə ilə üzləşməmiş olsun. Azərbaycan xalqı isə həm faciə, həm də zəfər səhifələrini eyni anda yaşamış xalqlardandır. Ölkəmiz xarici dövlətlərin təcavüzünə məruz qalmış, çox itkilər vermişdir.
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən səhifə, Azərbaycanın sonrakı taleyində əhəmiyyətli təsiri olan dönüş anıdır.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. Bu tarix ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın şərəfli tarixidir. 20 Yanvar həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələri zamanı şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
20 Yanvar milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Bu tarix uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ancaq bütün baş verənlər Azərbaycan xalqını daha da mətinləşdirərək, onun mübarizliyini və qətiyyətini zərrə qədər də sarsıda bilmədi.
Ali Baş Komandanın rəhbərliyi altında düşmənin istənilən təxribat və hücumunun qarşısını almağa qadir olan Azərbaycan Ordusuna inamımız sonsuzdur.
Elşən SƏFƏROV
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı