2023-cü ilin yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir.
Çıxış zamanı cənab Prezident qeyd etmişdir ki, BƏƏ-nin “Masdar” və Azərbaycan Dövlət Neft şirkəti arasında külək və günəş enerji stansiyalarının yaradılmasına dair razılaşdırma yeni perspektivlərə yol açacaqdır.
Əldə edilmiş razılaşdırılmalar onu sübut edir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə bərpa olunan enerji istehsalı üzrə birgə əlaqəli iş prinsipi böyük nəticələrə gətirib çıxaracaqdır.
Mərasimdə çıxış zamanı qeyd edilmişdir ki, yaşıl enerji çox böyük potensiala malikdir.
Ölkəmizdə “yaşıl enerji” sektoruna sərmayənin qoyulması əhalinin dayanıqlı və ekoloji təmiz enerji ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. “Yaşıl enerji” ilə bağlı dayanıqlı infrastruktur qurduqdan sonra ölkə daxilində ekoloji təmiz enerjidən böyük həcmdə istifadə məsələsi gələcək perspektivlərə təkan verəcəkdir. Həmçinin, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük önəmə malikdir.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən ƏBU-Dabi Dayanıqlılıq Həftəsi görüşlərindən sonra dövlət başçısının Davosda keçirilən 53-cü iqtisadi forumda iştirakı sanki həmin görüşlərin davamı idi.
Bu Forumda 2700 nəfərdən artıq şirkətin iştirakı, o cümlədən 52 ölkənin dövlət və hökumət başçısının foruma qatılması onu göstərirdi ki, dünya yeni iqtisadi əlaqələr vasitəsilə baş verən qlobal proseslərə uyğun həll yolu tapmağa çalışır. Ölkə Prezidenti apardığı çoxsaylı görüşlərdə, bir sıra sərmayəçi şirkətləri ölkəmizə dəvət etdi və Azərbaycanın potensialı barədə əsaslandırılmış təhlillər ortaya qoydu.
Bütün bunlar göstərir ki, Azərbaycan özünün iqtisadi yüksəlişini yeni geosiyasi vəziyyətdə hərtərəfli təmin etməyə qadir bir ölkədir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini