Xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini, tarixçi Əhməd bəy Cavanşirin qızı, yazıçı Cəlil Məmmədquluzadənin həyat yoldaşı, bir sözlə, ağcabədililərin fəxri Həmidə xanım Cavanşirin fəaliyyəti, gördüyü xeyirxah işlər barədə zamanla “Aran” qəzetində bir çox yazılar, məqalələr yer almışdır.
Bilirik ki, bu gün haqqında fəxrlə danışdığımız bir çox işləri öz dövründə həyata keçirmək Həmidə xanıma asan başa gəlməmişdir. Yəni həmin zamanlarda bir qadın üçün bu ilkləri etmək çətin idi. Maneələr çox olurdu. Amma o, Həmidə xanım idi axı… Bütün çətinlikləri aşaraq, tarixdə özünəməxsus iz qoymağı bacaran xanım…
Qəzetimizin bu sayında Həmidə xanım Cavanşirin 1912-ci ilin noyabrında Zaqafqaziya pambıqçılarının XIII qurultayındakı tarixi çıxışına diqqət çəkmək istədik. O zaman hətta həyat yoldaşı Mirzə Cəlil zarafatla demişdi ki, a kişi, arvad da “doklad” edər? Deyilənlərə görə, hələ qurultay başlamamışdan əvvəl qurultaya rəhbərlik edənlər gündəlikdə çıxış edənlər arasında bir müsəlman qadınının da adını görüb bərk təəccüblənmişdilər.
Beləliklə, sözügedən qurultayda Qarabağda pambıqçılığın vəziyyəti, mövcud problemlər ilə bağlı həmin çıxışı təqdim edirik :
“Pambıqçılarımızın əsas bəlası çəyirtkədir. 1892-ci ildən 1912-ci ilə kimi ancaq bircə il (1910) çəyirtkə əkinlərimizə zərər verməmişdir. Bütün bu illərdə əkinlərimizi, o cümlədən pambıq sahələrimizi çəyirtkə qismən, ya da tamamilə tələf etmişdir. Çəyirtkəni məhv etmək üçün adi vasitələrlə kifayətlənmək olmaz, təxminən sahəsi 500 min hektardan ibarət olan Mil düzünü mümkün qədər su ilə tez təmin etmək lazımdır. Əsrlər boyu cüt görməmiş bu səhranın son dərəcə məhsuldar torpağı vardır. Eyni zamanda bu səhra uzun qərinələrdən bəri çəyirtkə yuvasıdır, çünki çəyitrkə adətən əkilməyən torpaqda törəyir. Mil səhrasını suvarmaq üçün Arazdan kanal çəkmək və onu həmin səhradakı Gavurarxına birləşdirib Lənbəran kəndinədək uzatmaq lazımdır. Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, 1866-cı ildə bu arxı mənim mərhum atam Əhməd bəy Cavanşir çəkdirmişdir. Həmin arxı çəkdirməklə Lənbəran kəndinə kimi uzatmaq fikirində idi. Lakin yerli orqanlar ona razılıq vermədilər. Atamın bu haqdakı yazışmaları indi də məndə qalır.
Bu arxın ətrafındakı torpaqlar xəzinəyə məxsusdur. Onlara su çəkilərsə ucsuz-bucaqsız pambıq sahələri yaranar. Eyni zamanda milyonlarla adamların zəhmətini zay edən çəyirtkələrin də qarşısı birdəfəlik alınar. Bizim mövcud pambıq sahəmiz də su qıtlığı keçirir. Kəhrizlərin suyu çatmır və biz yazda Qarqar çayından gələn kanalın suyundan istifadə edirik. İndi bizdən yuxarılarda Qarqarın suyunu işlədib aşağılara buraxmırlar. Ağdam mirabına sərəncam vermək lazımdır ki, Qarqarın suyu butün arxlar arasında bərabər bölünsün.
Pambıq alverçiləri də pambıq sahəsində az rol oynamırlar. Lakin bəzən onlar öz xeyirləri üçün pambıqçılara çox keyfiyyətsiz toxum satırlar. Həmçinin onlar pambığın məzənnəsini aşağı salırlar. İstədikləri qiyməti qoyurlar, ərazini öz aralarında nahiyələrə bölüb istədiklərini edirlər. Beləliklə, pambıqçılıqdan zəhmətkeşlərdən çox alverçilər, istismarçılar xeyir götürürlər.
Bu vəziyyətdən yaxa qurtarmaq üçün kiçik kredit cəmiyyətləri yaratmaq lazımdır ki, pambıqçılar toxum almaq və pambıq əkib-becərmək üçün oradan borc pul götürə bilsinlər.
Bizim tərəflərdə oğurluq pambıq alveri də geniş yayılmışdır. Oğruları və oğurluq pambıq alverçilərini ciddi cəzalandırmaq üçün tədbirlər görmək lazımdır. Pambıqçılığın mədəniyyətini artırmaq üçün ibtidai kənd təsərrüfatı məktəbləri yaradılmalıdır. Bundan əlavə, nümunəvi pambıq əkini sahələri düzəltmək, bura yaşlı kəndliləri cəlb edib işlətmək lazımdır. Beləliklə, kəndlilər mədəni üsulla becərilən pambığın xeyrini gözləri ilə görər, axırda özləri də bu üsulu tətbiq edərlər. Nəticədə həm keyfiyyət, həm də kəmiyyət etibarı ilə pambıqçılıq yaxşılaşar. İşlərimizə mane olan cəhətlərdən biri də nəinki şose yollarının, hətta kəndlər arasında yaxşı yolların olmamasıdır.
Məlumdur ki, əkinlərimiz suvarma sistemi ilə becərilir. Buna görə yollardan kiçik və ya böyük arxlar keçir. Çox yerlərdə körpü yoxdur, olanları isə bərbad haldadır. Buna görə də gediş-gəliş çətindir, fayton, araba, sınır, adamlar bəzən saatlar və günlərlə yollarda qalıb işə gecikirlər. Pambıqtəmizləyən zavodların olmamasını da birinci növbədə bununla izah etmək lazımdır. Halbuki bunlara ehtiyac vardır.”