Pambıq bitkisinin faydaları uzun müddətdir öyrənilib və istehlak edilməkdədir. Bu bitki sənayedə, tibbdə, qida rasionu kimi və digər sahələrdə tətbiq edilir.
Pambıqdan təkcə parça istehsal olunmur, onun müalicəvi əhəmiyyəti də çoxdur. Müalicə məqsədilə daha çox pambığın kökləri, həmçinin yarpaq, toxum, çiçək və məhsulundan istifadə edilir.
Pambıq köklərinin dəmləmə və bişirməsi orqanizmə virus əleyhinə və antibakterial təsir göstərir və həmin xüsusiyyətinə görə dəri xəstəliklərinin, herpes və dəmrovun müalicəsində istifadə olunur. Qanda xolesterinin səviyyəsini salır, arterial təzyiqi tənzimləyir, hipertoniya və aterosklerozdan əziyyət çəkən xəstələrə müalicə və profilaktika məqsədilə verilir. Pambıq toxumu qaynadılaraq qəbul ediləndə orqanizmi tonuslandırır, E vitamini ilə zəngin olduğuna görə menstrual sikl pozulmalarının və sonsuzluğun müalicəsində istifadə olunur.
Pambıq yağı üz dərisinin yenilənməsi və dəridə olan yaraların sağalmasını sürətləndirir. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inhalyasiya etmək burun tutulmasının qarşısını alır. Yanmış pambığın və yaxud pambıq köklərinin tozu yara nahiyəsinə səpiləndə qankəsici təsir göstərir.
Kulinariyada salat və xörəklərin hazırlanmasında da pambıq yağından istifadə edilir.