Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ağcabədidə səfərdə olub.
Yanvarın 25-də Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən, “Gənclərin Gender Bərabərliyi Mərkəzi Gender Hub” İctimai birliyi tərəfindən həyata keçirilən BREN layihəsi əsasında erkən nikah, gender bərabərliyi və bu kimi digər mövzuları əhatə edən maarifləndirici təlim keçirilib. Təlimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.
Görüşdə çıxış edən səfir öz ürək sözlərini iştirakçılarla bölüşüb. O, Ağcabədiyə gəlməkdən və tədbirdə iştirak etməkdən məmnun olduğunu qeyd edib. F.Auld bildirib ki, Azərbaycanın hər bir bölgəsinə səfər etməyi planlaşdırır. Səfir eyni zamanda iki ölkə – Böyük Britaniya və Azərbaycan arasında davamlı əlaqələrin qurulmasından da danışıb. Yekunda F.Auld tərəfindən məktəb rəhbərliyinə Böyük Britaniya tarixindən bəhs edən kitab hədiyyə edilib.
Sonra Ağcabədi RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva və məktəbin direktoru Gülbikə Məmmədova çıxış edərək, qonaqları salamlayıb, keçirilən sessiyaların, təlimlərin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Daha sonra FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisi, layihənin təlimçisi Pərvanə Məmmədova çıxış edib. O, gender bərabərliyi, erkən nikahın yaratdığı fəsadlar, onun qarşısının alınmas ailə və məktəb arasında qurulan münasibətlərin vacibliyi, uşaqlar arasında ayrıseçkilik halları və bu kimi digər mövzular haqqında ətraflı məlumat verib. Videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Cənubi Qafqazda qeyri-dövlət aktorlarının və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artıraraq, onların bu regionda sülh, sabitlik və təhlükəsizliyə transformativ, inklüziv və davamlı töhfələr verə bilmək qabiliyyətlərini gücləndirməkdir. Keçirilən sessiyalarda erkən nikahlar, məişət zorakılığı və onun formaları, zorakılıqla mübarizə mexanizmləri və insan hüquqları haqqında müzakirələr aparılıb və bunun nəticəsində məktəblərdə bullinqlə mübarizə, gender bərabərliyi, stereotiplər mövzularında şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsi prosesi sürətləndirilib. Sessiyalarda 30-a yaxın gənc müəllim və 120-ə yaxın şagird iştirak edib.
Rəmziyyə HƏSƏNOVA







