Dünyanın diqqəti yrnidən İsveçrənin Davos şəhərinə yönəlib. 2023-cü il yanvarın 16-dan 20-dək bu şəhərdə “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında İqtisadi Forum keçirilib. Bu Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasını müzakirə və təşkil etməkdən ibarət olub.
Bu Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır.
Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırması, həm də iki ölkə arasında faydalı əməkdaşlığın ifadəsi kimi dəbul edilib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.
Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi ipək yolu çox vacib rol oynayıb.
Bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan çağdaş dövrdə bütün bəşəriyyəti narahat edən problemlərin və çağırışların mühüm müzakirə platforması olan Davos İqtisadi Forumu ilə əməkdaşlığını bundan sonra da uğurla davam etdirir.
Elşən Səfərov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı