Təxminən 10-11 il əvvəl bəzi yaradıcı gənclərə rayonumuzun loqosunu hazırlamaq təklifi verilmişdi. Açığını deyim, bu təklifi ilk olaraq kim irəli sürmüşdü, nə üçün lazım idi, xatırlamıram. Amma yadımdadır ki, azdan-çoxdan bacarığım olduğu üçün bu iş mənə də həvalə olunmuşdu. Baxmayaraq ki, həmin vaxtlar rayonumuzda pambıqçılığa artıq elə də maraq yox idi, içi mən qarışıq, loqo eskizləri hazırlamağa cəhd edənlərin hər biri Ağcabədini təsvir etmək üçün pambığın görüntüsünü daha qabarıq vermişdi. Çünki bu rayonun vaxtı ilə ən iri pambıqçılıq rayonlarından biri kimi məşhur olduğunu hər birimiz bilirdik. Təsadüfi deyil ki, hazırda çalışdığım “Aran” qəzeti də 1932-ci ildə nəşrə “Ağcabədi pambıqçısı” adı ilə başlayıb. Bunun özü də rayonun lap əvvəldən pambıqçılığa maraqlı olduğunu göstərir. Ötən əsrin 70-80-ci illərində isə Ağcabədi bu sahədə ən öndə gedən rayonlardan olmuşdu. Buna görə də biz gənclər loqo üçün ilk olaraq, pambığı önə çəkmişdik.
Bəli, oxuduğumuz bir çox mənbələrdən bilirik ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bütün imkanlardan istifadə edərək, Azərbaycan iqtisadiyyatını dirçəltməyi qarşıya məqsəd qoyur və bunu bacarır. Həmin illərdə ölkəmizdə bir çox sənaye müəssisələri açılır, aqrar sektor inkişaf edir. Azərbaycan məhz o illərdə özünün pambıqçılıq, ipəkçilik, quşçuluq, heyvandarlıq sektorlarını bütünlüklə qura bilir. Qısa vaxt ərzində ən böyük inkişaf isə məhz pambıqçılıq sahəsində yaşanır. Təsəvvür edin, 1969-cu ildən əvvəl ümumilikdə Azərbaycanda pambıq istehsalı cəmi 300 min ton idisə, 70-80-ci illərdə təkcə Ağcabədidə 100 min ton pambıq istehsal olunurdu. Hələ neçə il öncə rayonumuzun yaşlı sakinləri, təsərrüfat adamları ilə söhbət zamanı onlar da təsdiqləyirdilər ki, həmin dövrdə pambıq istehsalına görə 100 min ton həddini keçən 3 rayondan biri məhz Ağcabədi idi. Bu uğurların qazanılmasında kəndlilərin, zəhmətkeşlərin göstərdiyi hünər, zəhmət əlbəttə, əvəzsiz qalmırdı. Əvvəla, pambıqçılıq onların əsas gəlir mənbəyi olduğu üçün bu sahəyə göstərilən diqqət həm də zəhmətkeşlərin yaşayış səviyyəsinin yaxşılaşmasına kömək idi. Həmçinin o dövrdə rayonumuzdan 3 nəfər – Suqra Mədətova, Güləbətin Məmmədova, Şaban Rzayev “Sosialist Əməyi Qəhrəmanı” adına və digər müxtəlif mükafatlara layiq görülmüşdülər.

Heydər Əliyev o illərdə Ağcabədiyə 4 dəfə – 1970, 1974, 1978 və 1982-ci illərdə səfər etmişdi. Bu səfərlər zamanı pambıq tarlalarında, tarla düşərgələrində, Paşa Qasımovun, Qibləli Ağayevin, Aslan Quliyevin, Tapdıq Qəmbərovun, Teyyubə Rəhimovanın və digərlərinin briqadalarında olmuş, zəhmətkeşlərlə görüşüb onların problemləri, qayğıları ilə maraqlanmışdı. Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində (o vaxt hələ muzey adlanırdı) çalışdığım ilk zamanlarda – 2007-2008-ci illərdə digər əməkdaşlarla birgə həmin səfərlər zamanı ulu öndərlə görüşən insanların xatirələrini toplamaq üçün kəndbəkənd gəzib müsahibələr, məqalələr hazırlayırdıq. Sonra rayon rəhbərliyinin dəstəyi ilə həmin xatirələrin yer aldığı “Heydər Əliyev və Ağcabədi” adlı kitab çap olundu. O vaxt söhbətləşdiyimiz insanların əksəriyyəti indi həyatda yoxdur. Amma onların dahi liderimizlə bağlı söylədikləri xoş sözlər, onun sadəliyi, qayğıkeşliyi, bununla yanaşı sərrast və tələbkar olması ilə bağlı xatirələri həmin kitabda əbədi olaraq qalacaq, oxunacaq və gələcək nəsillərə ötürüləcəkdir. Bu yazını hazırlayarkən sözügedən kitaba bir daha nəzər saldım. Bəzi məqamlarda dodağım qaçdı, bəzi məqamlarda kövrəldim, duyğulandım. Ulu öndərin pambıqçılarla görüşlərindən bəhs edən kiçik bir hissəni sizinlə bölüşmək istədim. Rəncbərlər kənd sakini olmuş (dünyasını dəyişib) İbrahim Hacıyevin xatirələrinin yer aldığı “Unudulmaz görüş” adlı yazıda qeyd edilir: “1982-ci ilin iyul ayının əvvəllərində Heydər Əliyev çalışdığım Əlinağı Bünyatov adına kolxoza gəlmişdi. Adamlarla görüşdü. O, danışdıqca bir-bir insanları süzür, sanki onların qəlbindən keçənləri duyur və fikirlərini oxuyurdu. Heç kim məni qınamasın. Görənlər bilir, görməyənlər də bilsin. Heydər Əliyevlə üzbəüz olan hər bir adam onun nüfuzedici baxışlarının və aydın, məntiqli sözlərinin sehrinə düşürdü. Onun nəzərindən heç kim və heç nə yayına bilməzdi. Heyranlıqla ona qulaq asdığımız yerdə, birdən sol əli ilə sol tərəfdə pambıq tarlasının kənarında səliqəli qaydada düzəldilmiş və gözəl rənglərlə yazılmış dəmir lövhəni göstərərək gülə-gülə əlavə etdi: “Bax, orada, o dəmir lövhədə yazılıb ki, kolxozumuzun pambıqçıları bu il 5224 ton pambıq məhsulu toplayıb dövlətə təhvil verəcəklər. Elə bil, aptekə girib aptek tərəzisi ilə çəkib pambıq alacaqlar. Belə dəqiqliklə necə demək olar? Bir az ağılla yazmaq lazımdır. Hissiyyata qapılmaq lazım deyil… “
Əmək veteranı olmuş, Boyat kəndində yaşamış Humay Həsənovanın da özü dünyasını dəyişsə belə, sözü “Heydər Əliyev və Ağcabədi” kitabında qalır, yaşayır:
“Heydər Əliyev həmişə mənə deyərdi ki, sən mənim qızımsan. Əl ilə ki, 17-18 ton pambıq toplayırsan, sənin kimilərini mən öz qızım hesab edirəm…
Mən “Pambıq ustası” adını alanda Heydər Əliyev mənə 4 xalça, çay dəsti, müxtəlif ev əşyaları və daha nələr mükafat vermişdi. Hazırda yaşadığım evin materiallarını da Heydər Əliyevin göstərişi ilə yardım kimi vermişdilər.”
Əlbəttə, bu səfərlər, görüşlər, həmin insanlara stimul verir, onlar daha böyük həvəslə pambıqçılığın inkişaf etdirilməsinə, rayonumuzun adının birincilər sırasına yazılmasına çalışırdılar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız 70 illik əsarətdən canını qurtarıb müstəqilliyini bərpa etsə də, onu qorumağın, əldə saxlamağın çətinliyini aydın şəkildə hiss etməyə başladı. Ölkədəki hərc-mərclik, çəkişmələr, qarşıdurmalar bütün sahələrə öz zərbəsini vurdu. Çox təəssüf ki, bəzi qabaqcıl insanlar, ziyalılar əsarətindən yaxa qurtardıqları rejimin heyfini o dövrdə qurulub-yaradılanları məhv etməklə çıxmağa çalışdılar. Bununla bağlı edilən çağırışların, düşünülmədən görülən işlərin nəticəsində artıq 80-ci illərin sonlarından etibarən zəifləməyə başlayan bir sıra kənd təsərrüfatı sahələri demək olar ki, məhv oldu.
Təbii ki, bu cür davam edə bilməzdi. Xalq tezliklə öz xilaskarına üz tutdu, ona sığındı, ona güvəndi. Ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə iqtisadiyyatını böhran vəziyyətindən çıxarmaq üçün böyük və uğurlu layihələrə imza atıldı. Azərbaycanda ümumi bir nizam – intizam, sabitlik yaradıldı. Bütün sahələrdə sürətli inkişaf nəzərə çarpmağa başladı. Kənd təsərrüfatına gəldikdə isə, bu sahədə də yüksək nəticələr əldə etmək üçün əsaslı vəsait qoyulmalı, ona görə də bu istiqamətdə nəzərdə tutulan tədbirlər ardıcıllaqla həyata keçirilməli idi… Və budur, nəticə göz önündədir.
Bu gün Heydər Əliyev ideyalarını yaşadan, onun siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin neftdənkənar sahələrin inkişaf etdirilməsi ilə bağlı gördüyü işlər, kənd təsərrüfatının bir çox sahələrinin, xüsusilə pambıqçılığın dirçəldilməsi ilə bağlı atdığı addımlar təsərrüfatçıların yenidən bu sahəyə maraq göstərməsinə imkan yaradıb. 2016-cı ildən başlayaraq pambıqçılığa verilən dövlət dəstəyi sayəsində bu sahənin sürətli inkişafına nail olunduğu aydın görünür. Yəni qısa müddətdə əldə olunan nəticələr bunu deməyə əsas verir. Bir ağcabədili kimi qürurla deyə bilərəm ki, pambıq istehsalında əvvəlki uğurlar xeyli müddət sadəcə bir xatirəyə çevrilsə də, indi rayonumuz ötən əsrin 70 – 80-ci illərində qazandığı şöhrəti yenidən geri qaytarır.
2018-ci ilin 5 noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olmuşdular. Pambıqçılarla söhbət zamanı bu sahənin inkişaf etdiyini, yüzlərlə texnika alındığını, burada ilboyu iş olduğunu bildirən dövlət başçısı onların həm öz ailə büdcələrini yaxşılaşdırdıqlarını, həm də dövlətə xeyir verdiklərini xüsusi qeyd etmişdi.

Əlbəttə, əvvəldə də qeyd olunduğu kimi, göstərilən diqqət və qayğı pambıqçılığın gündən-günə inkişaf etməsinə səbəb olur. Ölkə başçısının 2018-ci ildəki səfərinədək 20 min 497 ton pambıq təhvil verən Ağcabədidə də məhsul istehsalı ilbəil artmağa başladı. Və nəhayət 2021-ci ildə rayonda 11 min hektar sahədə pambıq əkilib, 33 517,2 ton məhsul istehsal edilmişdisə, 2022-ci ildə artıq bu hədd 40 min tona çatdırılıb. Beləliklə, ötən il rayon üzrə 11 836, 6 hektar sahədə pambıq əkilmiş, indiyədək tarlalardan 40 362,67 ton pambıq yığılıb emal müəssisələrinə təhvil verilmişdir. Qeyd olunmalıdır ki, pambıq əkinlərinin 4974,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC (500 hektarı innovasiya filialı tərəfindən əkilib), 4200 hektarı “Azərpambıq” MMC, 2200 hektarı “P-Agro” MMC, 464 hektarı “Cotton Trade” MMC ilə müqavilə əsasında aparılıb. Bugünədək “MKT İstehsalat Kommersiya” MMC cəmi 17074,67 ton, “Azərpambıq” MMC 13498,77 ton, “P-Aqro” MMC 8 min ton, Hindarx qəsəbəsində yerləşən “Cotton Trade” MMC isə 1748 ton pambıq təhvil vermişdir.
Bəli, 2022-ci il üçün pambıq istehsalına görə respublikada ilk yeri tutan Ağcabədidə təsərrüfatçılar bu birinciliyi bayram kimi qeyd edirlər.
Qazanılan uğurlar və qarşıda duran işlərlə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırovun dedikləri:
“Çəkilmiş zəhmətin nəticəsidir ki, son illərdə müstəqillik dövründə ilk olaraq Ağcabədi rayonu 40362,67 ton məhsul istehsal edərək, bu il respublikada birinci olmuşdur. Ötən illərlə müqayisədə rayon əhalisi pambıqdan daha çox bəhrələnmiş, fermerlərə dövlət tərəfindən 6861 min manat subsidiya verilmiş, 32 milyon manata yaxın isə məhsuldan gəlir əldə olunmuşdur. Bunun nəticəsində rayonun fermerləri və bu sahə ilə məşğul olan digər adamların həyat şəraitinin yaxşılaşması üçün əlverişli şərait yaranmışdır. İlk dəfə olaraq rayonda 11 min 838,6 hektar sahədə pambıq əkilmiş və yüksək səviyyədə becərilmiş məhsulun sonda 40362,67 ton olmasına nail olmuşuq. Elə bilirəm, 2023-cü ildə həmin rəqəmin hektardan məhsuldarlığına təkrar nail olacağıq. Bu da Ağcabədi fermerlərinin həyat şəraitinin yaxşılaşmasında və işlə təmin olunmasında başlıca amil olacaqdır. Builki nəticəni nəinki təkrarlamaq, hətta hektardan məhsuldarlığı artırmağa nail olacağıq. Bunun üçün yetərincə əsas var. Fermerlər indiyə qədər zavodlarla 8536 hektar sahədə pambıq əkini üçün müqavilə bağlayıb. Müqavilə bağlanması davam edir. Buna baxmayaraq, rayonda şumun aparılması sürətlə gedir. Bu il rayonda əvvəlki qədər, yəni 10 min hektardan artıq pambıq müqaviləsi bağlanmağı nəzərdə tutulub. 10 min hektarın hər hektarından 2022-ci ildə əldə olunmuş rəqəmdən daha yüksək rəqəm əldə olunması planlaşdırılır. Bunun üçün fermerlər, zavod rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə bu sahə ilə məşğul olan mütəxəssislərlə birlikdə rayon rəhbərinin görüşü olub, 2023-cü ildə Ağcabədi rayonunda pambığın xüsusi rolu olacağının da önəmi qeyd edilib. Biz əhalini bütün keçirilən görüşlərdə bu sahədə istiqamətləndiririk. Çünki taxılçılıq ölkəmizdə ərzaq istehsalı üçün nə qədər vacibdirsə, pambıq istehsalı ondan bir o qədər artıq vacibdir. Ona görə ki, pambıqçılıq ölkəmizdə yeganə vacib sahələrdən biridir ki, o birja məhsuludur, alıcısı bəllidir. Pambığa çəkilən zəhmət heç vaxt nəticəsiz qalmır. Ona görə də 2023-cü ildə hər hektardan məhsuldarlığın daha yüksək olmağını proqnozlaşdırmışıq və elə bilirəm ki, bu hədəfə çatmaqda heç bir çətinlik çəkməyəcəyik.”
“P-Aqro” MMC şirkətinin Ağcabədi filialının direktoru Süleyman Süleymanov da “Aran Ağcabədi” internet televiziyasına müsahibəsi zamanı ölkə başçısının bu sahəyə göstərdiyi diqqətdən və yeni tikilən pambıq emalı zavodundan söz açıb:
“P-Aqro” MMC şirkətinin Ağcabədi filialı 2022-ci təsərrüfat ili üçün 2200 hektar sahədə pambıq əkmişdir. Pambığın əkilməsi və becərilməsi üçün aqrotexniki qaydalara əməl olunmuşdur. Və bunun nəticəsidir ki, hər hektardan məhsuldarlığımız 36,5 sentner olmuşdur. Ümumilikdə 8 min tondan artıq məhsul toplanmışdır. Pambığın əkilməsində, becərilməsində 80 traktordan, 10 ədəd pambıqyığan maşından istifadə olunmuşdur, məhsulumuzu son qozasına qədər yığıb təhvil vermişik. Hazırda növbəti ilin müqaviləsi bağlanılır. Ölkə rəhbərliyinin və rayon başçısının pambığa göstərdiyi diqqətə görə “P-Aqro” şirkətinin rəhbərliyi Ağcabədi rayonunda pambıq emalı zavodu tikməyi nəzərə almışdır. Hazırda gördüyünüz Ağcabədi pambıq emalı zavodunda son tamamlama işləri gedir, yaxın günlərdə zavod tam gücü ilə işə başlayacaqdır. Və bu o deməkdir ki, bu yaxın ərazidə yaşayan insanlardan 150 nəfər burada işlə təmin olunacaq. Zavodun tikilməsi bizə imkan verir ki, gələcəkdə istehsalımızı artıraq. İstehsalın artırılması insanların həyat və şəraitinin yaxşılaşdırılması deməkdir.”
Əməkdaşlarımız bir neçə gün öncə pambıq istehsalında respublika üzrə birinci olmağımız münasibətilə videomaterial hazırlayırdılar. Reportaja bir ad seçmək lazım idi. Hərə bir təklif verdi. Bu vaxt zümzümə etdiyim, pambığa həsr olunmuş “Gümüş telli” mahnısının “Topladıqca qucaq-qucaq pambığı” hissəsini qeyri-ixtiyari olaraq dəyişib başqa cür oxuduğumun fərqinə vardım. Elə həmin dəyişiklik etdiyim şəkildə də bir təklif verdim :
– Adı “Toplamışıq qucaq-qucaq pambığı” olsun!
Hamımız razılaşdıq. Şair İslam Səfərlinin ruhu qarşısında baş əyirəm. Amma yəqin ki, o da şeirin bir sözünü dəyişməyimizi əldə edilən birinciliyimizə görə bağışlayardı :
Tarlamızın ağ qızılı gözəldir,
Kollar üstə qanad çalan gözəldir.
Ağ tayadan ellər bir dağ düzəldir.
Toplamışıq qucaq-qucaq
pambığı,
Gümüş telli, saçaq-saçaq
pambığı.
Məhsəti MUSA