Milli Azərbaycan Tarixi Muzeyinin fondunda qorunan “Leyli və Məcnun” operasının ilk tamaşasının 1908-ci il yanvar ayının 25-də (12-də) olan proqramı (muzeyə təhvil verilmə tarixi: 1960-cı il) və Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin həmin rolda çəkilmiş fotoşəkli diqqəti cəlb edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
“Leyli və Məcnun” operasının premyerasından 115 il keçir.
“Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən “Leyli və Məcnun” operasının ilk tamaşası 1908-ci il yanvar ayının 25-də (12-də) məşhur xeyriyyəçi, sahibkar Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) keçirilib. Bu opera ilə müsəlman Şərqində opera janrının əsası qoyulub. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli tərəfindən yazılmış bu opera Məhəmməd Füzulinin eyniadlı poeması әsasında yaradılıb.
Görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluş verdiyi “Leyli və Məcnun” operasının dirijoru yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev olub, əsərin bədii tərtibatını publisist, mütəfəkkir, rəssam Əli bəy Hüseynzadə verib. İlk tamaşanı Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət orkestr səsləndirib. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət ediblər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi.

