Saat: 22:30
İlkin məlumata əsasən, yeraltı təkanlar saat 22:14-də İranın Qərbi Azərbaycan ostanının Evoğlu şəhərində 5,3 bal gücündə qeydə alınıb.
Zəlzələ Türkiyə, İran, İraq, Ermənistan və Azərbaycanda hiss edilib.
Sosial şəbəkələrdə yayılan videolarda zəlzələnin təsirinin Naxçıvanda daha güclü hiss olunduğu görünür.
Zəlzələ 10-15 saniyə davam edib və Ağcabədi rayonunda da hiss edilib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.
Saat: 22:41
Gəncə şəhərində də zəlzələ hiss olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.
Bir neçə saniyə çəkən zəlzələ təxminən 3 bala yaxın olub.
Hər hansısa bir fəsad olmayıb.
Saat: 22:53
İranda baş vermiş 6,1 bal gücündə zəlzələnin episentri Xoy şəhəri olub.
Verilən məlumata görə, hazırda insanlar Xoy, Maku, Bazərqan və digər şəhərlərdə küçələrdədir.
Zəlzələ Təbriz, Urmiya və hətta Naxçıvanda da güclü hiss olunub.
Saat: 23:59
Fövqəladə Hallar Nazirliyi İranda qeydə alınan və Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb.
“Report” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.
Həmçinin, bəzi kütləvi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.
Saat 00:04
Episentri İranın Xoy vilayəti olan zəlzələ nəticəsində təbii fəlakətin baş verdiyi ərazidə dağıntılar qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə “Iranworkers” tviter səhifəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar sonucunda Xoy şəhərində elektrik və qaz verilişi kəsilib.
Eyni zamanda, nəşrin məlumatına görə, şəhərdə xəsarət alan vətəndaşlar da var.


23 yanvar 2023, saat: 14:55
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfəri ötüb.
Bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.