Şəhid  Azər  Əliyevin  anım  günü keçirilib

Yanvarın 29-da rayonun Yuxarı Qiyaməddinli kəndində Vətən müharibəsinin  qəhrəmanlarından  biri, şəhid Azər Əliyevin anım günü qeyd olunub. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri,müəllimlər, məktəblilər və mətbuat nümayəndələri iştirak ediblər.

Mərasim  iştirakçıları tərəfindən  şəhidimizin məzarı   ziyarət olunub, üzərinə  çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edən rayon rəhbəri Rafil Hüseynov  II Qarabağ müharibəsində qazanılan parlaq qələbə, rəşadətli Azərbaycan ordusunun şücaəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  müharibə dövründə  hərbi və diplomatik sahədə qazandığı  zəfər barədə  ətraflı çıxış edib.

Sonda  məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş vətənpərvər ruhlu  şeirlər səsləndirilib.

Qeyd edək  ki,   Əliyev Azər Dilafət oğlu 1997-ci il  noyabrın 1-də  rayonun Yuxarı Qiyaməddinli kəndində anadan olub. O, orta təhsilini Milli Qəhrəman Alı Mustafayevın adını daşıyan tam orta məktəbdə alıb. Azərin vətənə olan sevgisi, məhəbbəti uşaq vaxtlarından  yaranmağa  başlayıb. Orta təhsilini bitirdikdən sonra  Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. O, Qazax rayonunda  yerləşən “N” saylı hərbi hissədə xidmət edib.2019-cu ildən isə Xocavənd rayonunda müddətdən artıq  xidmət keçib.

 A.Əliyev  2020-ci il sentyabrın 27-dən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Xocavənd  və Ağdamın  azadlığı uğrunda gedən döyüşlərdə  böyük igidliklər göstərib. 2020-ci il  9  noyabr tarixində Xocavənd rayonunun Nərgiztəpə istiqamətində  döyüş tapşırığını yerinə  yetirərkən ağır yaralanır. Elə həmin vaxtdan müalicə aldığı xəstəxanada uzun müddət koma vəziyyətində qalan A.Əliyev 2021-ci il yanvarın 28-də haqqın dərgahına qovuşub, yanvarın 29-da Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılıb.

Ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv etdiyinə görə Əliyev Azər Dilafət oğlu Prezident İlham Əliyevin Sərəncamlarına  əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ölümündən sonra xatirəsinin əbədiləşdirilməsi üçün kəndin küçələrindən birinə onun adı verilib. Kənddə Azər Əliyevlə bərabər daha  iki şəhidin- Sahil Məmmədov və Sənan Miriyevin  abidəsi  ucaldılıb.  

Ailəli olan şəhidimizin  özündən sonra Vətənə  əmanət iki övladı  yadigar qalıb.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com