Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.
“Report” xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.
Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb