Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının dəstəyi ilə təşkilatın inzibati binasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda “Dəyirmi masa” keçirilib.
Tədbirdə AYB üzvləri, alim, şair və yazıçılar, ziyalılar, təhsil və mədəniyyət işçiləri, meida mənsubları iştirak ediblər.
Öncə, ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların və Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində həlak olmuş Orxan Əsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov iştirakçıları salamlayıb, belə tədbirlərin vacibliyindən danışıb. Natiq, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatın inkişafında misilsiz rolundan, ədəbiyyat və söz sənəti adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan, bu şərəfli missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı söz açıb.
Sonra “Dəyirmi masa” ətrafında mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılıb. Şair-publisist Adil Misirli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, respublikamızın əməkdar müəllimi Zəhra İbrahimova, ADPU Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, AYB üzvü, şair Zahid Avşar Eloğlu, qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Pərioğlular kənd kitabxanasının müdiri Nübar Qasımova, rayon ziyalısı Mahir Ağayev, rayon Ağsaqqallar Şurası sədrinin müavini Taryel Əsədov, yazarlar, Eldar Qarqarçay, Səadət Kamal və başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin sovet və müstəqillik dönəmlərində mili dəyərlərimizə, ədəbiyyatımıza verdiyi önəmli qiymətdən, göstərdiyi əvəzsiz qayğıdan, respublikanın görkəmli sənət adamlarına, yazarlara sərgilədiyi dəstəkdən ətraflı bəhs açıb, dahi şəxsiyyət haqqında bir-birindən maraqlı xatirələrini bölüşüb, rəy və təkliflərini bildiriblər.
Tanınmış şair Zahid Avşar Eloğlunun ulu öndərə ithaf etdiyi şeir iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir xoş ovqat və ruh yüksəkliyi ilə başa çatıb.
Sonda tədbirə qatılanlar xatirə şəkli çəkdiriblər.





Yəhya PAŞAZADƏ