Ağcabədidə Gənclər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib – FOTO VİDEO

Fevralın 2-də Ağcabədi Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Ümumrayon toplantısı başlamamışdan öncə gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül, çiçək dəstələri qoyaraq, əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Ağcabədi Bayraq Muzeyində təşkil olunan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, SHXÇDX-nin Ağcabədi Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, rayonun şəhər, qəsəbə və kəndlərindən olan fəal gənclər, qazilər, idmançılar, könüllülər, gənc fermer və sahibkarlar, “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti, eləcə də təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çalışan gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, onlara şəxsi fəaliyyətlərində və iş həyatında nailiyyətlər arzulayıb. R.Quliyev bildirib ki, 2 fevral tarixi Azərbaycan gəncliyinin həyatında tarixi bir hadisədir. Qeyd olunub ki, 1997-ci ildə imzalanan Sərəncamla 2 Fevral Azərbaycan Gənclər Günü kimi qeyd edilir. Bir sözlə, Ulu Öndər gənclərlə bağlı qanunvericilik bazasının formalaşmasının təməlini qoyaraq, gənclər siyasətinin istiqamətini müəyyənləşdirib. Və biz bu gün göstərilən diqqət və qayğını aydın görürük.

Natiq çıxışında ölkəmizin mötəbər və beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdiyini bildirib, ağcabədili idmançıların beynəlxalq yarışlarda və turnirlərdə qazandığı uğurlardan da danışıb.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik edərək, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra icra başçısı tərəfindən rayonun ictimai-siyasi, iqtisadi və idman həyatında fərqlənmiş bir qrup gəncə Fəxri Fərmanlar və pul mükafatları təqdim olunub.

Tədbirdə Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxsi Çinarə Ağayeva, kikboksinq idman növü üzrə dünya birinciliyinin qalibi Sübhan Mamedov, “Aran Ağcabədi” internet televiziyasının aparıcısı Pərvin Abışova, N saylı hərbi hissənin divizion komandirinin Maddi Texniki Təminat üzrə müavini, baş leytenant Rəşmi Məmmədli, Qaravəlli kənd sakini gənc fermer, pambıqçı Səxavət Qəhramanov çıxış edərək, dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən məmnun qaldıqlarını bildirərək, gənc nəslə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ümumrayon tədbirində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev gənclərə əlamətdar gün münasibəti ilə təbriklərini çatdırıb, bir qrup vətən mühribəsi iştirakçısı və idmançıları Fəxri Fərmanla təltif edib.

Fotolar Mais İbrahimovundur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com