Fevralın 2-də Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri, şəhid ailələrinin üzvləri, qazilər və idmançılar iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçək dəstələri düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 2 fevral Gənclər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir iştirakçılarını salamlayıb, gəncləri əlamətdar gün münasibəti ilə təbrik edib. Qeyd olunub ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə hər zaman diqqət və qayğı göstərilib və bu siyasət uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.
Sonra GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıb, idmanın və gənclər siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Ağcabədi Regional “ASAN xidmət “ mərkəzinin direktor müavini Şamxal Həsənov, adıçəkilən mərkəzin əməkdaşı Pərviz Səmədov, Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Məmmədov, GTM Qarabağ regional ofisinin əməkdaşı Elnur Qasımov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Ağcabədi Pedaqoji kollecinin tələbəsi Türkanə Musayeva və başqaları çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıblar.
Yekunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına, könüllüyə, qazi və idmançıya Fəxri fərmanlar, Diplom və Təşəkkürnamələr təqdim edilib, xatirə şəkilləri çəkilib.















