Ağgöldə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” qeyd olunub – FOTO VİDEO

Fevralın 2-də Ağgöl Milli Parkında “Ümumdünya  Su-bataqlıq Əraziləri Günü”nə həsr olunmuş ekoloji  maarifləndirici tədbir keçirilib.

Görüşdə  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nazirlik yanında fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin işçiləri, oriontoloji cəmiyyətin, Ağgöl Milli Parkının, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Azərbaycan Turizm və Menecment Universitetinin müəllim və tələbələri, ictimaiyyət nümayəndələri və media qurumları  iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmov qonaqları salamlayaraq, Azərbaycanın ən önəmli qoruqlarından biri sayılan milli parkın yaranma tarixi və fəaliyyəti  haqqında geniş məlumat verib.

Sonra söz Oriontoloji cəmiyyətin sədri Elçin Soltanova verilib. Elçin Soltanov çıxış zamanı Ağgöl Milli Parkının ölkədə ikinci su-bataqlıq ərazisi olduğunu və bu əraziyə xarakterik olan canlılar aləmi haqqında danışıb.

Oriontoloji cəmiyyətin üzvü Əbülfət Səmədov isə Ağgöl Milli Parkının yaranma əhəmiyyəti və burada “Qırmızı kitab”a daxil olan quşların, o cümlədən heyvanların mühafizəsinin yüksək səviyyədə təşkil olunduğunu  vurğulayıb. Əbülfət Səmədov onu da əlavə edib ki, Böyük Ağgöl, Maraltəpə, Pirxantəpə, Qaraqobu, Quş bazarı, İmamqulugöl, Teymurgöl, Göytəpə, Şorgöl marşrutları vasitəsilə hər il  yüzlərlə yerli və xarici turist milli parkın ərazisini ziyarət edir.

Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Hafiz Hüseynov  belə görüşlərin əhəmiyyətli olduğunu qeyd edib, tələbələrin gəlməsi üçün yaradılan şəraitə görə qoruğun rəhbərliyinə öz minnətdarlığını bildirib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları Aysel Məmmədova  və Elnur İbrahimov Ağgölün qorunması üçün görülən müvafiq  tədbirlər barədə  söz açıblar.

Sonda ekoturistlər milli parkın ərazisində yaradılan şəraitlə tanış olublar.

                                                                                                     Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com