Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan arasındakı sıx əlaqələr tarixi köklərə malikdir. Zəngin mədəni irsi olan Macarıstanla qarşılıqlı əməkdaşlıq ölkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra yeni müstəvidə inkişaf etməyə başlayıb. İki ölkəni bir sıra oxşar cəhətlər birləşdirir. Ərazilərin və əhalinin sayı baxımından, həmçinin sosializm düşərgəsinə mənsubluğu baxımından bu ölkələr demək olar ki, eyni inkişaf yolu keçib. Amma ən əsası azərbaycan və macar xalqlarını ortaq dəyərlər bir-birinə bağlayır və bütün bunlar iki dövlət arasındakı əlaqələrə təsir göstərən amil kimi böyük rol oynayır.
Hər iki ölkəni bir-birinə bağlayan daha bir platforma mövcuddur. Milli mənsubiyyət baxımından Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi ilə ölkələrimiz arasında TDT çərçivəsində də səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana etdiyi növbəti rəsmi səfər, təkcə iki dost dövlət arasındakı münasibətlərin inkişafına xidmət edən razılaşmaların əldə edilməsi ilə yekunlaşmadı. Bu səfər geniş gündəliyə malik olan əlaqələrin strateji məzmununu tamamilə yeni mərhələyə yüksəltməklə yadda qaldı. Tərəflər bu dəfə əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyən növbəti mühüm bir sənədə imza atdılar.
Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş Naziri Viktor Orbanın imzaladığı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlət arasında əlaqələrin daha da inkişaf etməsinə xidmət edən mühüm tarixi bir sənəd oldu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının
sədr müavini