Kişi qeyrətli, gözəl, məsum Saray xanım Cərgiz peyğəmbərin türbəsini tikdirən Mirhəsən ağanın qızı idi. Mirhəsən ağa türbəni aşıqlı (Beyləqanda kənd, camaat) Hacıqulu kişinin köməyi ilə tikdirib… Saray xanım da atası kimi xeyirxah, haqqın, ədalətin keşiyində sayıq dayanan, kasıb və sadə insanların yaxın dostu olan bir insan idi. O, həmişə ehtiyacı olanların əlindən tutur, kömək göstərirdi. Heç kimin xətrinə dəyməyən, insanpərvər, xoşqılıqlı bir qadın olan Saray xanımın necə təmiz, pak insan adını qürur və şərəflə daşıyan bir xanım olduğu təkcə Beyləqanda deyil, bütün Qarabağda səs salmışdı. Saray xanım xan qızı Natəvanla yaxından tanış, rəfiqə olmuş, aralarında qarşılıqlı hörmət, izzət, etibar və bir-birinə yaxından bağlılığın nəticəsi olan sadiqlik mövcud olmuşdur.
… 1895-ci ilin mart ayının ilk günləri idi. Örənqalada qışlamaq üçün məskunlaşan Xalac obası çox sərt keçən qışın qarından, çovğun-boranından heyvanları qorumuş, yaza itkisiz, salamat çıxmışdı. Artıq yazın ilıq nəfəsi ətrafı bürüsə də, bir neçə gün idi ki, havadan rütubət, nəmişlik əl çəkmirdi. Uzun illər qoyunçuluqla məşğul olan təcrübəli, dünyagörmüş çobanlar ilin göylü, otlu olacağını deyir, oba dağa köçənə qədər örüşlərdə təzə, tər otların artıq dizə çıxacağını söyləyirdilər. Havaların bu cür keçməsi buna bir işarə idi. İlin bərəkətli olması süfrədə ləzzətli, dadlı əmlik quzu soyutmasının, süd məhsulları – bulama, təzə pendirin, yağın, qaymağın bol olacağından xəbər verirdi. Həm də şirin, dadlı dombalanın çox olacağını göstərən havalar yavaş-yavaş qızmağa başlayırdı.
Göy üzünü tala-tala bulud almışdı. Boz ay özünü, boz üzünü açıq göstərirdi. Göy gah qızarır, gah da boz rəng alırdı. Qış dəyələrində ocaq üçün gərmə qalağının qurulmasına hələ də ehtiyac var idi. Obada toran qovuşur, axşam düşürdü. “Xan qızı arx”ı tərəfdən gələn çapar söylədi ki, Natəvan xanım oğlu Mehdiqulu xan və onları müşayiət edən dəstə Novruz bayramından on gün sonra Cərgis peyğəmbərin qəbrini ziyarət etməyə gələcəklər. Natəvan xanım xəstə olduğuna görə, ona məsləhət görüblər ki, müqəddəs ocağı ziyarət edib ondan şəfa diləsin.
Natəvanın Beyləqana gələcəyindən ən çox sevinən obanın qənirsiz gözəli, Seyid Mirhəsən ağanın qızı Saray xanım idi. O, yaxşı bilirdi ki, Natəvan müqəddəs ocağın ətrafında qurulacaq bərli-bəzəkli dəyələrdə yox, elin tanınıb-seçilən adamı Məmo bəyin muxrusunda məskən salacaq. Məmo bəy ilxısını, dəvəsini bir yerə toplayıb başına toplaşanlara üz tutdu:
– Şuşadan hörmətli qonaqlar gələcək, içində də Xan qızı və oğlu Mehdiqulu xan olacaq. Ortalığı, küzü və qaytabanı kürüyüb yaxşıca təmizləyin, hər tərəfdə təmizlik işləri aparıb, əməlli-başlı səliqə-sahman yaradın. Qadınlar dəyələrin qapılarını süpürüb genişləndirsin. Müqəddəs ocağın ətrafında beş dəyə qurulacaq, obada isə böyük, geniş alaçıq düzəldəcəyik.
… Məmo bəyin atlı dəstəsi Şuşadan gələn qonaqları qarşılamaq üçün deyilən vaxtda yola çıxdı. Şuşalıları “Xan qızı arx”ının qırağındakı hamar, torpaq yolda çox da gözləmədilər. Şuşadan gələnlər günortadan xeyli keçmiş Məmo bəyin atlılarına yaxınlaşdılar. Natəvan və Mehdiqulu xan faytonda yanaşı əyləşmişdilər, arxalarında isə qaravaşın başı görünürdü. Faytonun qabağında Sərçəgöz ləqəbli Abbas “Ceyranbasar” adlı ingilis yəhərli, Qarabağ cinsindən olan atın belində şəstlə oturmuşdu. Faytonu müşayiət edənlər isə silahlı kişilər idi. Natəvanın başına örtdüyü saçaqlı tirmə şalın altından qızıl papağın qabaqlığı bərq vururdu.
Natəvan xəstə, uzun yol yorğunu olsa da, göy otlaqlara, yamyaşıl yamaclara, “Xan qızı arx”ına qədər baş alıb gedən Yorğan dərəsini seyr etdikcə yaxşılaşır, eyni açılırdı .
Məmo bəyin atlıları qonaqları müqəddəs ocağın ətrafında qurulmuş çadırlara gətirdilər. Şuşadan əziz qonaqların, Natəvanla Mehdiqulu xanın gəldiyini eşidib bilən yaxın obaların kişi və qadınları hamısı görüşə tələsirdilər. Onlar da ziyarət mərasimində iştirak edib bir ağızdan “Allah şəfa versin, ya peyğəmbər, səxavətini əskik etmə” deyəcəkdilər.
Qonaqlar və görüşə gələnlər də dəyələrdə yerləşdirilmişdi. Geniş çay süfrəsi açıldı. Natəvan, Mehdiqulu xan, Məmo bəy şirniyyatla dolu süfrələrdə iri, sarı mis samovarın mixəkli, hilli, darçınlı çayından içə-içə şirin söhbət edirdilər.
Süfrəyə hər adam üçün ayrıca iri boşqablarda xub bişmiş bozartma qoyuldu. Natəvan acıtmalı çörəklə ona çəkilən payın hamısını iştahla yedi. Adamlar süfrədən əl çəkəndə “Allah qurbanlarınızı qəbul eləsin” deyirdilər. Yaxın obaların camaatı Natəvanla, Mehdiqulu xanla xudahafizləşib öz obalarına sarı üz tutandan sonra Xan qızı oğluna pıçıltı ilə dedi:
– Sabah da, birisi gün də bizə qurulan bu dəyələrdə qalarsınız. Mən gecələmək üçün bacım Saray xanımgilə gedəcəyəm. Məndən ötrü narahat olmayın, obada geniş alaçıq qurublar.
Natəvan qulluqçusu, qaravaşı ilə faytona əyləşib Məmo bəyin atlı dəstəsinin nəzarəti altında Örənqalaya getdilər. Məmo bəy Mehdiqulu xanla müqəddəs ocağın yanında şuşalı qonaqlar üçün hazırlanmış dəyədə qaldılar.
Natəvanın gəlişini səbirsizliklə gözləyən obanın qız-gəlinləri dəyələrin ağzını, yanlarını süpürüb təmizləmişdilər. “Xan qızı arx”ından səhənglərlə, güyümlərlə sudan daşıyıb, toz olmasın deyə hər yerə su səpmişdilər. Özlərinə, üst-başlarına səliqə-sahman salan, əyinlərinə qanuz tuman, əsmə kofta, başlarına “qonşupartdadan” deyilən qırmızı şal örtən, incə bellərinə gümüş toqqa vuran, qırmızı almayanaqlı oba qız-gəlinləri yeni qurulan alaçığın yanına yığışıb intizarla Natəvanın yolunu gözləyirdilər.
Obanın hər tərəfini diqqətlə nəzərdən keçirən Natəvanın gözləri qız-gəlinlər arasında Saray xanımı arayırdı. Qaravaşa “bura çox şənliklidir, könül oxşayan məkandır” deyirdi. Natəvanın gözü boyu uzun, qızıl papaqlı, qızıl toqqalı, yumru qızıl sırğa taxmış, toppuş biləyinə qızıldan qolbaq vurmuş, boynuna saçaqları da qızıldan olan və sinəsinə qədər uzanaraq bərq vuran, zərli paltar geymiş oba gözəlinə sataşdı. Bu Saray xanım idi. O, faytonun qabağına keçərək, Natəvana kömək edib faytondan düşürdü və onlar mehriban bacılar kimi qucaqlaşıb öpüşdülər. Obanın qız-gəlinləri Natəvanla əl tutuşub görüşdülər. “Xoş gəlmisən, Allah ziyarətini qəbul eləsin, bu dəfəki gəlişin də bizim üçün toy-bayramdır” – dedilər.
Saray xanım Xan qızını muxruya dəvət etdi. Muxru geniş və rahat idi. Alaçığın çubuqlarının burnu evin ortasındakı dəyirmi çoşquya bağlanmışdı ki, muxru-alaçıq yaxşı görünsün. Daram çəkilmiş zəncirlər ortadakı uzun mıxa elə bağlanmışdı ki, muxru daha hündür və yaraşıqlı görünürdü. Alaçığın üstünə Həllac Vəlinin uşaqlarına möhkəm təpiklətdirib sıx hazırlanan göy, qırmızı naxışlı ağ keçə salınmışdı. İçəriyə isə keçə, palaz döşənmişdi. Divarlardan at naxışlı, dəvə qatarı təsvir olunan gəbələr asılmışdı. Yan tərəflərdən bütün muxrunu əhatə edən və qapıya qədər çatan çətən tutulmuşdu. Çətənin üstünə qalın çit parça çəkilmişdi.
Gün yenicə qürub etmişdi. Obada qoyun-quzu mələşməsi, quzuları küzə salmaq istəyən çobanların hay-həşiri, atların kişnərtisi, itlərin xeyli kənardan keçən, başqa obadan olan “yad” adamlara hürməsi aranı qarışdırırdı. Alaçığın yanında qurulmuş dəyədə şam yeməyi hazırlamaq istəyən qadın Saray xanıma yaxınlaşıb soruşdu:
– Xanım, şam yeməyinə nə hazırlayaq?
Saray xanım onu xeyli kənara, alaçığın arxa tərəfinə çəkib dedi:
– Ay qız, mən Şuşada dəfələrlə Natəvanın evində olmuşam. Dəm-dəsgahlı, eyvanlı-məcərli evdir. Top vursan dağılmaz. Evin yanında çox səliqə ilə salınmış hər cür meyvə ağacı, gül əkilmiş bağça var ki, orada gül gülü, bülbül bülbülü çağırır. Bağın da, evin də otaqlarının səliqə-sahmanına söz ola bilməz.
Bax, təzə süfrə, stəkan-nəlbəki, boşqab, çaynik, güllü padnos, qənddan gətirin. Şirniyyatı, şəkər, nabatı, noğulu, rəngli yumru şirnini, şirin kökəni bol edin. Şam yeməyinə çox diqqətlə yanaşın. Süfrələrdə quzu soyutması, bağır-beyin, kişmişli canınaçəkmə, plov, dovğa qoyun. Həm də təzə pendir, çiyə, böyründə tuluq yağı, kətə, fəsəli, qaymaq, üstündə də beçə balı. Qoy hansı təamı xoşlayır, iştahı çəkir ondan da yesin. Çörəyin də çeşidi müxtəlif olsun: yuxa, fətir, lavaş, acıtmalı, təndir çörəyi.
Saray xanımla Natəvan alaçığın yuxarı başında əyləşmişdilər. Qaravaş və obanın qız-gəlinlərindən bir neçəsi isə çoşküdən aşağıda. Çay süfrəsi də, şam yeməyi də Saray xanım deyən kimi oldu. Natəvan öz-özünə məəttəl qalmışdı: bu bəy alaçığı, bu geniş düzənlik, qoyunlu-quzulu, atlı-dəvəli oba, ona burada göstərilən isti, mehriban münasibət xəstəliyini unutdurmuşdu. Sakitcə hər təamın dadına baxır, razılıq əlaməti olaraq başını yüngülcə tərpədirdi.
Şam yeməyindən sonra Saray xanımla Natəvan xeyli söhbətləşdilər. Saray xanımı Natəvanın ailə həyatı, yaşayış tərzi, uşaqları, sağlamlığı daha çox maraqlandırırdı. Natəvan isə nədənsə, söhbət əsnasında bu məsələlərdən yan keçməyə üstünlük verirdi. Gecə artıq keçirdi, obanın qız-gəlinləri Xan qızı ilə sağollaşıb getdilər. Qaravaş Natəvana və Saray xanıma alaçığın başında, yükün yanında təzə yorğan-döşəkdən yer saldı, özünə isə aşağı ayaqda yatmaq üçün yer hazırladı. Onlar şirin yuxuya getdilər.
Oba adamlarından böyük hörmət və qayğıkeşlik, qonaqpərvərlik, mehribanlıq görən Xan qızı üçüncü gün idi ki, Saray xanımın qonağı idi. Sabah isə Şuşaya yola düşəcəkdilər. Müqəddəs ocağın ətrafında qalan şuşalılar gəlib Natəvanı buradan götürməli idilər. Xan qızı “ah, bir də qismət olacaqmı müqəddəs ocağa gəlmək, könül oxşayan, adamın zövqünə yatan bu məkana gəlib bir-iki gün burda qalmaq. Saray xanımın alaçığında onunla şirin-şirin, duzlu söhbətlər etmək, bu cür saysız-hesabsız ləziz təamlardan dadmaq” deyə düşünürdü. Çünki artıq onun ağrıları sakitləşdiyindən özünü çox rahat, sağlam hiss edirdi.
… Bir dəfə Tiflisdən Məmo bəygilə dörd nəfər atlı gəlir. Onlar evə çatıb Məmo bəyi soruşurlar. Saray xanım deyir ki, Məmo bəy evdə yoxdur. Gələnlər bildirirlər ki, Arazın o tayına keçməlidirlər. Təqib olunurlar. Saray xanım Alıhüseyni çağırıb deyir ki, bu adamları o taya keçirməlisən. Atlılar gedərkən onlardan biri barmağındakı üzüyü çıxarıb Saray xanıma göstərir. Deyir ki, xanım, bu adamları sağ-salamat o taya keçirsələr, bu üzüyü sizə göndərəcəyik. Onda bilərsiniz ki, biz Arazı sağ-salamat keçmişik. Əgər göndərməsək, bilin ki, bizi öldürüblər.
Onlar Arazı sağ-salamat keçib üzüyü Saray xanıma göndərirlər. Bu hadisədən üç gün sonra Camal bəyin oğlu Cəmil bəylə NKVD-nin nümayəndəsi Saray xanımgilə gəlirlər. Saray xanımdan soruşurlar ki, üç gün bundan qabaq sizə kimsə gəlmişdi?! Saray xanım qorxmadan cavab verir ki, hə, gəlmişdilər. Kişi evdə olmadığına görə, özüm göndərdim onları Arazın o tayına… Sən demə, bu adamlar axtarışda olan adamar imiş. Buna baxmayaraq, qadının kişi kimi cavabı onların xoşuna gəlir, Saray xanıma bir söz deməmiş geri dönürlər.
Əslində Şuşa Aran Qarabağın törəməsidir. Vaxtilə Pənahəli xan əvvəlcə Şahbulağın axarında, dağın ətəyində Xan qalasını tikdirdi. Sonralar daha etibarlı bir yer axtardı və Şuşa şəhərinin yerini seçib orada qala tikdirməyə başladı. Şuşa qalası həm dağlıq, səfalı yerdəydi, həm də düşməndən qorunmaqda əlverişli, etibarlı idi. Pənahəli xan Şuşa şəhərini tikdirərkən Ağdamdan xeyli adamlar aparıb orada məhəllələr saldırırdı. Şuşa şəhərində adını saxlayan Seyidli məhəlləsi, Qurdlar məhəlləsi, Çuxuryurd məhəlləsi məhz o vaxtlar salınmışdı. Əslində Şuşa şəhəri əksərən Aran Qarabağdan köçənlər hesabına böyüyüb-artmış, zənginləşmişdi. Şuşanın yarandığı vaxtdan ta Sovet dövrünə qədər orada məşhur olan dövlətli bəylərin böyük əksəriyyəti Arandan köçmüş adamlardır. Elə bu doğmalığa görədir ki, Natəvan vəfat edəndə qarabağlılar hörmət əlaməti olaraq 45 kilometr yolu-Şuşadan Ağdama qədər Natəvanın cənazəsini çiyinlərində gətirib. İmarətdə dəfn etmişlər. Maraqlıdır ki, Natəvanın cənazəsini yalnız qadınlar gətirmişdilər…
… Bir Azərbaycan qadını kimi, çox qürurlu, məğrur, mətin və cəsarətli olan Saray xanım həyatı boyu əsl xanım-xatın ömür sürmüşdür. Camaat, el-oba arasında böyük hörmət və nüfuz qazanan Saray xanım 1986-cı ildə 112 yaşında vəfat etmişdir. Məzarı Ağcabədinin Yeni Qaradolaq kənd qəbiristanlığındadır. Onun məzarı yerli və başqa bölgələrdən gələn sakinlərin ziyarət yerinə çevrilib.
Adil MİSİRLİ