Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVT
gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak
və çıxış edib. Cənab Prezident çıxışında qeyd edib ki, Azərbaycan enerji
potensialına görə dünyanın öndə gedən ölkələri sırasındadır. Ölkənin
elektroenergetoka sahəsində əsas rol oynayan Mingəçevirdə yeni 1280 MVT
gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması ilə bu şəhər nəinki
Azərbaycanın, ümumiyyətlə Qafqazın ən böyük enerji mərkəzinə çevrilmişdir.
Cənab Prezident daha sonra qeyd edib ki, yeni istilik elektrik stansiyasının
təməlinin qoyulması ölkəmizin enerji təhlükəsizliyinə verilən növbəti töhfədir.
Stansiyanın tikilməsi və istifadəyə verilməsi ilə həmin ərazidə əhalinin
məşğulluğu məsələsi də öz həllini tapacaq, yeni iş yerləri yaranacaq. Yeni stansiya
işə düşdükdən sonra həm daxili tələbatımız ödənəcək, həm də xarici bazarlara
enerji ixracını artıra biləcəyik. Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə
tikəcəyik. Bu layihənin reallığa çevrilməsində İtaliya və Çin şirkətləri iştirak
edəcək.
İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim
strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki
sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir.
Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki,
Azərbaycan qazı da İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə
uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki
sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə
Azərbaycan qazından faydalanır.
Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox
sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik
stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400
meqavata bərabərdir.
Təməlqoyma mərasimində iştirak etdiyimiz növbəti istilik elektrik
stansiyası 2025-ci ildə fəaliyyətə başlayacaq və bizim enerji potensialımızı daha
da gücləndirəcək.
Mərasimdə çıxış edənlər qeyd etmişlər ki, enerji istehsalı sahəsində etibarlı
tərəfdaş olduğu üçün Azərbaycanda işləmək onlar üçün çox xoşdur. Biz inanırıq ki,
yeni stansiya vaxtında və yüksək keyfiyyətlə tikilərək, həm ölkənin, həm də
Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəkdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini