Tutaq ki, dünyada hər şeyin çoxdur,
Vətənin yoxdursa, heç nəyin yoxdur – sözlərini misra-misra, heca-heca öz ömürlərinə yazan,
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq – əgər uğrunda ölən varsa Vətəndir – amalını özlərinə həyat amalı seçən, bu məqsəd uğrunda da ölümün gözlərinə dik baxan Vətən qəhrəmanları… Şir biləkli, şir ürəkli oğullar!
2001-ci ildə Ağcabədi şəhərində dünyaya göz açan, vətənpərvər ruhda böyüyən, sonda adını Vətənin adı ilə qoşa yazdıran Abbasov Akif Elşən oğlu da “Torpaq – əgər uğrunda ölən varsa Vətəndir!” – deyən igidlərimizdən oldu, ürəklərdə, könüllərdə şirin, kövrək bir xatirəyə döndü.
2019-cu ildə həqiqi hərbi xidmətə yola düşən Akif öz döyüş bacarığı, qorxmazlığı ilə xidmət
etdiyi hərbi hissədə seçilən, fərqlənən əsgərlərdən olur. Gecə-gündüz gözünü qırpmadan belə Vətən adlı müqəddəs əmanətin keşiyini çəkir, onu göz bəbəyi kimi qoruyur. Xidmətinin 10-cu ayı… Akif 2020-ci ilin yanvar ayının 16-da döyüş tapşırığını yerinə yetirərkən naməlum şəraitdə itkin düşür. İtkin düşdüyü həmin saatdan, həmin gündən xidmət etdiyi hərbi hissənin əməkdaşları, axtarış qrupları və ailəsi tərəfindən axtarılır. Ancaq itkin düşən sərrast atıcı, nişançı Akif Abbasovdan bir əlamət görünmür, bir xəbər belə çıxmır.
Doğmalarının, əzizlərinin qulaqları səsdə, gözləri yolda qalır:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı? – deyən bir ananın oğul itkisini, bu halını ifadə edəcək bir söz tapılmır.
Əsgər bacısı gənc Lalə hər gün qardaşının şəkilləri ilə söhbət edir, dərdləşir, “hardasan,
qardaşım” – deyə göz yaşları tökür. Lalə hər gün:
Su səpək, qurban olaq,
Qardaş gələn yollara – deyə pıçıldayır beləcə…
İtkin düşdüyü gündən nə az, nə çox – düz 34 gün sonra Akifin nəşi Tovuz rayonunun Ağdam kəndi istiqamətində, neytral ərazidə tapılır, ailəsinə təhvil verilir.
Evin yeganə oğul övladı olan Akif 2020-ci ilin fevral ayının 22-də Ağcabədi Qəhrəmanlar Parkında, müqəddəs Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Akifsiz keçən 3 il… Şəhidin anım mərasimi onun ailə üzvləri, şəhid ailələri, Akifin doğmaları,
vaxtilə özünün təhsil aldığı Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird
kollektivi tərəfindən böyük izdihamla qeyd olundu. Anım mərasimində iştirak edənlər –
böyükdən-kiçiyə hər kəs şəhidimizin məzarı üzərinə çiçəklər düzüb, ruhuna dualar oxudular.
Akifin məzarı başında çıxış edənlər ona məxsus xatirələrini bölüşdülər, Akifin simasında bütün Vətən şəhidlərinin əziz xatirələrini ehtiramla yad etdilər.
Sonda şagirdlər şeirlər səsləndirdilər.
Allah rəhmət eləsin!


Gündüz SEVİNDİK