Heydər Əliyev və Azərbaycan təhsili

Müstəqil Azərbaycan Respublikasının müasir təhsil sisteminin uyğunlaşdırılması və milli mentalitetə sadiq qalmaq Heydər Əliyev siyasətinin əsas yolu idi. Ulu öndərin təhsilə böyük önəm verdiyini göstərən bu sözləri çox məşhurdur: “Mən həmişə bütün varlığımla həyatım boyu müəllimə, məktəbə borcluyam. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulur. Hər bir insanın gələcəyi onun məktəbdə dərslərə verdiyi diqqətlə bağlıdır”.

H.Əliyevin milli rəhbər kimi Respublikamızın bütün sahələrinə dair bir inkişaf strategiyası var idi. Hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin milli kadrların formalaşdırılması sahəsində gördüyü işlərdə xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş milli özünüdərkin əsası qoyulmuşdur. O, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə elm, təhsil, mədəniyyət, səhiyyə sahəsinə qayğı göstərib, ordu quruculuğunu gücləndirib. Bir sözlə, dahi liderin siyasətində əsas xətt Azərbaycançılıq məfkurəsidir. H.Əliyevin bu sözləri hər birimiz üçün örnəkdir: “Anam məni bütövlükdə Azərbaycan üçün bu dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənə qibləgahdır. Bütün şüurlu ömrümü onun tərəqqisinə həsr edirəm. Onun işıqlı sabahları üçün bütün ömrümü qurban verməyə hazıram ”

Təhsilin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması da H.Əliyev dühası sayəsində gerçəkləşib.

Təhsilin məqsədi gənc nəslə, uşaqlara bilik verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək əsl vətəndaş olsun. Dövlətinə, millətinə, adət-ənənələrinə sadiq vətəndaş. Bunu gözəl bilən böyük rəhbər deyirdi ki, mən maarif, təhsil işləri ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməlidir, gənc nəslin təhsilinə və müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir.

Bəli, məhz Heydər Əliyevin 12 noyabr 1995-ci ildə qəbul etdiyi qanuna görə dövlət xalqa pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təsdiq edir. Dövlət həm də maddi vəziyyətindən asılı olmayaraq bütün istedadların təhsilinə zəmanət verir.

H.Əliyev çox gözəl bilirdi ki, bir milləti məhv etmək, əzmək istəyənlərin əlindən yüksək intellektlə, elmlə, biliklə qurtulmaq olar. Odur ki, bu xalqı təhsilə səsləyirdi. Təhsil sisteminin hərtərəfli tərəqqisi, yeniləşməsi, müasir dünyanın təhsil standartlarına uyğunlaşdırılması üçün müvafiq tədbirlər görürdü. Bu onun elmə, təhsilə, dilimizə, mədəniyyətimizə verdiyi önəmi göstərir. Bir fakt yadıma düşür ki, 1978-ci ildə SSRİ dövlət mükafatına təqdim edilən əsər məhz “Azərbaycan dilinin tarixi kitabı” olmuşdur. Bəli, rus idarəçiliyinin ən kəskin vaxtında belə, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mütəfəkkirlərinin yubileyləri keçirilir, əsərləri nəşr edilirdi.

H.Əliyev şəxsən özü Azərbaycan tarixinin işıqlandırılmasına birbaşa nəzarət edirdi. Abidələrimizin qorunması, alimlərimizin fəaliyyəti üçün bütün tədbirləri görürdü. Azərbaycanın məşhur yazıçıları ilə daim şəxsən ünsiyyətdə olur, onların təbliği üçün çalışırdı. Yazıçı İsa Hüseynov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz və yüzlərlə başqa yazıçılarımız dahi liderin dəstəyini həmişə hiss edirdilər. Bütün bunlar H.Əliyev şəxsiyyətinin milli məfkurəli, vətən sevdalı simasını göstərir.

Biz bu millətin ziyalıları olaraq bilməliyik, şər qüvvələrin böyük gücə malik olduğu bir dövrdə milləti, onun təhsilini, mədəniyyətini yaşatmaq böyük güc, səbr, iradə, uzaqgörənlik və ən önəmlisi sonsuz məhəbbət istəyir. Biz bir millət olaraq bunu unutmamalı, H.Əliyev şəxsiyyətinə, onun ruhuna ehtiramla yanaşmalıyıq.

Mən uzun illər təhsil sahəsində xidmət etmişəm – müəllim işləmişəm. Hər zaman dahi liderin bu sözlərini özüm üçün şüara çevirərək öz şərəfli işimdən zövq almışam: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram !”

Sədaqət ƏSGƏROVA

təqaüdçü müəllim

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com