Əziz oxucularımız, qəzetimizdə mütəmadi olaraq yeni və maraqlı rubrikaları izləyirsiniz. Bu dəfə isə tanıdığımız, ətrafımızda olan, lakin bəzi bacarıq və istedadlarından xəbərsiz olduğumuz insanları tanıtmaq istədik. Və ilk olaraq “Tanışların tanımadığımız tərəfləri” rubrikasının qonaqları YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi RİH-in və “Aran” qəzetinin nümayəndələridir.
Əli Əhmədov – Əvvəllər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru kimi fəaliyyət göstərib. Hazırda isə Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
Bacısı Vüsalə xanımla söhbət zamanı o, qardaşı Əlinin rəsm çəkmə bacarığının olduğunu bildirdi. Biz də bu fürsəti qaçırmadıq. Elə Əli Əhmədovun özündən bu istedadı haqqında qısa məlumat aldıq.
Onun sözlərinə görə rəsm çəkmə bacarığını 8-9-cu siniflərə qədər inkişaf etdirib. Əsasən cizgi film qəhrəmanlarını çəkməyə maraqlı olub. Niyə istedadının ardınca getmədiyini, daha da peşəkarlaşmadığını soruşanda isə Ə.Əhmədov qeyd etdi ki, sonradan iqtisadiyyat sahəsinə marağı yaranıb və karyerasını bu istiqamətə yönləndirib.
Əli Əhmədovun çəkdiyi maraqlı rəsmləri təqdim edirik.
Əziz oxucular, bu hələ başlanğıc idi. Rubrikamızı izləsəniz sizləri çox təəccübləndirəcəyimizə əminik. Görəcəksiniz ki, tamamilə fərqli tərəfdən tanıdığınız insanların görmədiyiniz, bilmədiyiniz necə bacarıqları, istedadları var imiş. Yolumuzu gözləyin!










Hazırladı: Rəmziyyə Həsənova