Əziz oxucularımız, qəzetimizdə mütəmadi olaraq yeni və maraqlı rubrikaları izləyirsiniz. Bu dəfə isə tanıdığımız, ətrafımızda olan, lakin bəzi bacarıq və istedadlarından xəbərsiz olduğumuz insanları tanıtmaq istədik. Və ilk olaraq “Tanışların tanımadığımız tərəfləri” rubrikasının qonaqları YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi RİH-in və “Aran” qəzetinin nümayəndələridir.
Nazim Bünyatov – Hazırda YAP Ağcabədi rayon təşkilatında sədr müavinidir.
Hər birimizin yaxşı tandığı dəyərli ziyalımız Nazim Bünyatov gənc yaşlarından rayon partiya və komsomol təşkilatında təlimatçı və katib vəzifələrində işləmiş, sonralar müxtəlif illərdə kolxoz, idarə, təşkilat və müəssisələrdə rəhbər vəzifələrdə çalışmışdır. Bir müddət Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi şöbənin müdiri işləmişdir. Hazırda YAP Ağcabədi rayon təşkilatında çalışır. Amma bu gün biz sizə Nazim müəllimin daha fərqli, eşitmədiyiniz, bilmədiyiniz, bacarıqlarından söz açacağıq.
Onun cavan yaşlarında olan bacarıq və istedadını eşidəndə heyrətlənməmək mümkün deyil. Düzünü desəm, əməkdaşlarımızdan biri mənə söhbət əsanasında bu haqda məlumat verdi. Mən də heç düşünmədən, tərəddüd etmədən Nazim müəllimlə əlaqə saxladım. Axı biz onu heç bu tərəflərdən tanımamışıq.
Həmsöhbətim bu haqda danışarkən bir-birindən maraqlı məqamlara toxundu. Bildirdi ki, əvvəllər fəaliyyət sahələri və maraqları çox geniş olub.
N. Bünyatov orta məktəbdə oxuyan zaman rəsm çəkmə qabiliyyətinin olduğunu, məktəbdə istifadə olunan əyani vəsaitləri məhz özünün çəkdiyini qeyd etdi. Hətta bu qabiliyyətinin hərbi xidmətdə köməyə gəldiyini bildirdi. Digər bir marağı isə voleybol sahəsinə olan Nazim Bünyatov tələbəlik illərində yığma komandanın tərkibində çıxş edib, bu sahədə birincilik ( I dərəcəli ustalığa namizəd diplomu) də qazanıb. Həmin illərdə N.Bünyatov idmanın digər bir növü olan qaçışla da məşğul olub. 100 metrlik məsafəni 13 saniyə ərzində qət edən həmsöhbətim birinciliyini ağcabədili digər həmkarı ilə bölüşüb. Bunlarla yanaşı, bir müddət musiqi sahəsinə meyl etsə də, sonradan bu marağının ardınca getməyib.
Qeyd edək ki, Nazim Bünyatovun riyaziyyat sahəsinə marağı böyük olub, amma valideynləri onu hüquqşünas yaxud da həkim görmək istəyiblər.
Niyə bu qədər bacarıqları və təltifləri olduğu halda idmandan uzaq düşdüyünü soruşduğumuzda o, bildirdi ki, mən bu sahədə xüsusi dönüş etmək arzusunda idim. Amma zamanla hiss etdim ki, peşəkar olmadıqdan sonra onu davam etdirmək əbəsdir. Sonra güləşlə məşğul olan Nazim müəllim bu sahədə də uğurlar qazanıb. Deyəcəksiniz bəs bu sahədən niyə uzaq düşüb? Sən demə səbəb uzun saçlar imiş. O vaxtlar uzun saçların dəbdə olduğu çoxlarımıza bəllidir. Məşqçisi ona “Uzun saçlarla idman olmaz. Ya saçlar, ya da güləş” deyir. Bununla da Nazim müəllim güləşdən imtina edir.
Bu gün keçmişə baxanda hansısa peşmanlığının olub-olmadığını soruşuram. Cavab belə olur: “Olduğun yerdə dəyişiklik edə bilirsənsə, nə gözəl. Mən də düşündüm ki, təhsildə, eləcə də idmanda uğurlu olsam da, istədiyimi edə bilməyəcəm. Və bu günkü seçimimə görə peşman deyiləm. Nə yaxşı ki, seçimimi düzgün edə bilmişəm.“
Əziz oxucular, bu hələ başlanğıc idi. Rubrikamızı izləsəniz sizləri çox təəccübləndirəcəyimizə əminik. Görəcəksiniz ki, tamamilə fərqli tərəfdən tanıdığınız insanların görmədiyiniz, bilmədiyiniz necə bacarıqları, istedadları var imiş. Yolumuzu gözləyin!




Hazırladı: Rəmziyyə Həsənova