Pambıqçılığın inkişafı ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri də pambıqçılıqdır. 2022-ci ildə Azarbaycanda 100 min hektar sahədən 322min 300 ton xam pambıq yığılıb. Pambıq üzrə orta məhsuldarlıq hektara 30,92 sentner təşkil edib. Yığılan məhsulun 40 min 362 tonu Ağcabədinin payına düşür.
Bu barədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “2022-ci ildə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat çıxışında deyib. “Cənab Prezidentin diqqət və qayğısı ilə ölkədə son illər pambıqçılıq əvvəlki şöhrətini artıq bərpa edib. Ağcabədi rayonu da bu sahədə təcrübəsi, ənənələri olan rayonlar sırasındadır, əlverişli təbii iqlim şəraiti mövcudur. 2022-ci təsərrüfat ilində Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılıb, bu da əvvəlki illə müqayisədə 7, 6 faiz çoxdur. Sahələrdən 40 min 362,6 ton xam pambıq tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,7 sentner çoxdur. Bununla da, Ağcabədi pambıqçıları respublika üzrə ən çox məhsul əldə edib”.

Onun sözlərinə görə, pambıqçılıq sahəsində sistemli iş qurulması məhsuldarlığa təsir edib. “2020-ci ildən torpaqların analiz işinə başladıq. Çünki, biz müəyyən etməliydik ki, torpaqda hansı mineralar var, hansılar yoxdur. Hansı sahə pambıq əkini üçün daha yararlıdır. Kor-kopanə gübrələrdən istifadə edilməməlidir. Və nəticədə 3 il əvvəlki ilə müqayisədə 11,1 faiz daha şox məhsuldarlıq əldə edildi. Yaxın illərdə Ağcabədidə 50 min ton pambıq istehsalı reallıqdır.
Məhsuldarlığın artmasına isə sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və digər amillər təsir etdi”.
İcra başçısı fermerlərə dövlət dəstəyinə də toxundu. O qeyd etdi ki, fermerlərə dövlət dəstəyiyinin genişləndirilıməsi onların pambıq əkininə marağını artırıb. “2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə məhsul subsidiyası verilib. Fermerlərə hər kiloqrama görə 17 qəpik, hər tona görə isə 170 manat ödənilib. 2023-cü il üçün subsidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən pambığa görə məhsul subsidiyasının qiyməti hər ton üçün 10 manat məbləğində artırılaraq 180 manat təyin olunub. Cənab Prezidentin tapşırığı və tövsiyələrinəəsasən pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər tərəfindən pambığın alış qiymətinin yenidən 50 manat artırılaraq 800 manata çatdırılması nəticəsində pambıq istehsalatçıları daha çox gəlir əldə ediblər. Bu aşağıdakı rəqəmlərdən də aydın olur.
Ağcabədi rayonu ərazisində fermerlər tərəfindən əkin aparılan ümumilikdə 63 min 643 hektar əkin sahəsindən 51 min 805 hektar payızlıq və yazlıq əkinlərə görə, 8 milyon 340 min 702 msanat məbləğində subsidiya ödənildiyi halda, həmi əkinlərin 18,6 faizini təşkil edən 11 min 838,6 hektar sahədə becərilən pambıq məhsuluna görə, 6 milyon 861 min 477 manat subsidiya fermerlərin plastik kartlarına ödənilib. Göstərilən rəqəmlərdən aydın olur ki, digər əkinlərin hər hektarına orta hesabla 161 manat subsidiya hesablandığı halda, pambığın hər hektarına 580 manat məbləğində subsidiya hesablanıb. Bu da pambıq bitkisinə göstərilən dövlət dəstəyinin və onun nə qədər gəlirli sahə olduğunun bariz nümunəsidir.
Ötən ildə subsidiya ilə birlikdə 39 milyon manata yaxın rayona pambıqçılıqdan gəlir daxil olub. Bu isə indiyə qədər Ağcabədidə rekord rəqəmdir.
Fermerlərə göstərilən dəstək isə fermerlərin illik gəlirlərinin çoxalmasına şərait yaradıb, onların aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal etməsinə sövq edib”
İcra başçısı bildirdi ki, Ağcabədi torpağının mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi imkan verir ki, fermerlər bu il daha yüksək məhsul əldə etsinlər. Məhsulun isə kifayət qədər alıcısı var. Unutmayaq ki, pambığın ixrac potensialı yüksəkdir. Onun üçün bazar axtarmağa ehtiyac yoxdur, kifayət qədər alıcısı var. Digər tərəfdən ölkənin emal sənayesinin xammala tələbatını yerli istehsal hesabına ödəməklə, həmçinin ondan hazırlanmış son məhsulları xarici bazara çıxarmaqla valyuta əldə edə bilərik.
İcra başçısı Rafil Hüseynov Prezident İlham Əliyevdən sitat gətirdi: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir.”

Qeyd edək ki, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, həm də sosial məsələdir, əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir. Bu sahə digər sahələrdə (emal sənayesi) minlərlə insanın işlə təmin olunmasına, məşğulluğun artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Ona görə də pambıqçılığın inkişafı ilk növbədə sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
Pünhan Əfəndiyev
“Xalq qəzeti”nin bölgə müxbiri