Ağcabədinin “aranqazeti.az” saytında “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” adlı yazınızı oxudum. Yazı nədir? Əslində ədəbiyyatda “yazı” adlı bir janr yoxdur. Bunu Xocalı faciəsindən doğan dərd haqqında esse adlandırmaq istədim.
Deyirlər ədəbiyyat həmişə əzabdan, ağrıdan, göz yaşlarından yaranır. Şair, elə mən də ədəbiyyatın şadlıqdan, nəşədən yarandığına inanmıram.
Böyük Füzulinin də ədəbiyyatdan tələb etdiyi bəşəri dərd və bəşəri kədər idi: “Dərd şairliyin əsas sərmayəsidir. Şair olmaq üçün demə ki, zövqi-səfa lazımdır. Dərddən danış ki, şeir yarışında söz topunu apara biləsən” – deyə ictimai kədəri bədii sənətin bünövrəsi hesab edirdi.
Şair, müdriklərdən biri deyib ki, öz ağrısını hiss edən canlıdır, başqasını ağrısını hiss edən isə insandır… Essenin son dərəcə gözəl, kövrək və inandırıcı alınmasına səbəb isə onun dərddən yazılmağı və sizin həmin dərdi birər-birər yaşamağınızdadır.
Mənə elə gəlir ki, yaxşı yazılar – istər şeir, istər nəsr olsun, ilk oxunuşdan sonra bütün havası və gözəlliyi ilə adama çatmır. Ona görə də yazını dönə-dönə oxudum. Yazınızda məni ən çox valeh edən düşüncələrin səmimiliyi oldu. Sizin Xocalı kədərini qəlbən daşıdığınıza inanmamaq olmur.
Bu əsərlə tanışlıqdan sonra mən anladım ki, yazı birnəfəsə yazılıb və onun qaralama variantı olmayıb. Hiss olunur ki, üstündə sonradan düzəlişlər də aparılmayıb. Çünki bu əsər ağır kədərin və sonsuz qəzəbin çulğaşmasından vərəqlərə tökülən ürək göynərtisidir. İçində od tutub yanmayan adam dünyanı sizin kimi ittiham edə bilməzdi: “Üzərində hələ də Xocalı adında bir “şəxsiyyət vəsiqəsi” gəzdirən bu dünyanın son aqibəti necə olacaq, görəsən? Xocalının aqibətimi?”…
Şair, əsərinizdə şişirdilmiş və qeyri-səmimi heç nə yoxdur. Real dərddən, gördüyünüz mənzərədən bəzəksiz, təmtəraqsız bir sənət nümunəsi yaratmısınız. Bu əsər Xocalı faciəsinin poetik-bədii ifadəsi, insan kədərinin yanıqlı harayıdır.
Bu yazı üçün sağ olun!
Sizə gələcək yaradıcılığınızda uğurlar arzulayıram.
Hörmətlə şəxsiyyətinin və yaradıcılığını sevən Yahya Abbasov
Şəki rayonu, Kiçik Dəhnə kəndi